Gəncləri zəhərləyən “Fast food”lar

Bölmə: Araşdırma › ,
Tarix: 21:26 02.08.2023

Müasir dövrün ən böyük problemlərindən biri düzgün qida rasionunun pozulması və piylənmədir. Bunun da səbəbi fast food, yəni tez hazır olan qidalardır. Fast food qidalarına üstünlük verilməsinin ən böyük səbəbi daha ucuz, rahat, tez bir zamanda hazırlanması və dırnaqarası desək, daha dadlı görsənmələri ilə bağlıdır. "Fast food" qidalara hamburger, dönər, sendviç, pizza, şəkərli içkilər, kartof fri, çips, hətta bəzi restoranlarda satılan ziyansızdı dediyimiz, ucuz başa gələn nagetslər də aiddir. Nagetslərin hazırlanmasının çox ucuz olmasının səbəbi hazırlanarkən toyuğun döş hissəsiylə bərabər dərisindən istifadə olunmasıdır.

 

"Fast food" qidaların zərərli olmasının başlıca səbəbi hazırlanmasında istifadə olunan qidaların dondurulub daha sonra düzgün olmayan yağlarda bişirilməsidir.

 

Hazırlanmasında istifadə olunan yağlar gün ərzində 10-12 saat istifadə olunduğuna və bu yağların tərkibində çox dəyişikliklər getdiyinnə görə yağın tərkibindəki E vitamini dağılır və bunun nəticəsində orqanizmdə xərçəng xəstəliyinin yaranması riski artır. Bu qidaları qəbul etdikdə alınan lazımsız kalorilər orqanizmi yağlandırır, xolestrolun səviyyəsin qaldırır, qan damar sistemin zəiflədir, qanda şəkərin miqdarın tez bir zamanda qaldırır.

 

Əsasən bu cür qidalardan istifadə edən tələbələrdir. Aparılan sorğu nəticəsində tələbələrin əksəriyyəti bu cür qidalardan daha rahat və tez hazırlandığı üçün istifadə etdiklərini söyləyirlər. Digər bir səbəb isə maddi çatışmazlıqdır ki, normal qidalanmağa mane olur.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Mirəli Sadıqlı doyumlu olduğu üçün bu qidalardan istifadə etdiyini söyləyib:

 

- Doyumlu və əl çatan olduğu üçün bu qidalardan istifadə edirdim. Eyni zamanda kirayədə yaşadığım üçün bəzən yemək hazırlamağa vaxt olmur, dərsdən çıxanda yorğun oluram. Bu kimi hallarda fast foodlarla qidalanırdım. Ziyanları çoxdur. Məndə isə ən çox özünü göstərən artıq çəki problemi, piylənmə idi. Bu problemlərə görə bir müddətdir fast food qidalarından istifadə etməməyə çalışıram. İndi isə artıq bu problemlərdən əziyyət çəkmirəm.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Gülyetər Mahmudova məcburiyyətdən bu cür qidalardan istifadə etdiyini söyləyib:

 

- Tələbə olduğum üçün fast food qidalarından mən də istifadə edirəm. Bəzən əlavə tədbirlər, təlimlər səbəbi ilə səhər evdən çıxıb axşam evə gəlirəm. Bu səbəbdən bəzən tez, sürətli, qiyməti münasib olan fast foodlardan istifadə etmək məcburiyyətində qalıram, istəməsəm də. Əlbəttə ki, ziyanı çoxdur, məndə olmayıb, ancaq yaxınlarımda zəhərlənmə halı ilə qarşılaşmışam. Bəzən məndə ürəkbulanma olur, mədəmdə ağrılar məni narahat edib.”

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-ci kurs tələbəsi Aysel Əliyeva da bu qidalardan istifadə etdiyini bildirib:

- Bəli, istifadə edirəm. Təamları xoşuma gəldiyi üçün ayda 4-5 dəfə istifadə edirəm. Ləzzəti nə qədər dadlı olsa da ziyanının da fərqindəyəm. Müşahidələrə əsasən qeyd edə bilərəm ki, fast food məndə bağımlılıq yaradıb və uzun müddət yemədikdə daha aqressiv və əsəbi oluram.

 

Dərsdən yorğun çıxan tələbə əlacı yolüstü dönər alıb qidalanmaqda görür. Bəzi dönərxanalarda isə mənşəyi bilinməyən ətlər istifadə edilir. Belə dönərxanalarda ətin haradan alınması ilə bağlı saxta sertifikatlar alırlar. Bəzən tələbələr reklam və dəb-dəbəyə də aldanaraq, düzgün qidalardan uzaqlaşırlar.  “MCDonalds” restoranlar şəbəkəsi aldadıcı dad və toxluq hissi gənclərin (və uşaqların da) sağlamlığını ciddi təhdid edir.

 

Həkim-terapevt Aynur Ağamalıyeva fast foodun mədə-bağırsaq və qaraciyərdə ciddi problemlər yaratdığını bildirib: “Fast-food qidalarında - dönərlər, lahmancunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. İstifadə edilən yağların mənşəyi bəlli deyil. Eyni yağda dəfələrlə qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez müxtəlif bağırsaq xəstəlikləri ilə bağlı xəstəxanalara müraciət edir. "Fast food" mədənin və on iki barmaq bağırsağın selikli qişasına ciddi zədə yetirir. Hər şey adi qastritdən başlayır. Xoralara, qanaxmalara gətirib çıxarır və pasiyent cərrahın qəbuluna düşməli olur”.

 

Azad İstehsalçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov fast foodların hazırlanmasında keyfiyyət kəmiyyətin üst-üstə düşməməsi barəsində açıqlama verib: “Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Belə vəziyyətlərin səbəbini qanunlarda axtarmaq lazımdır. İstehlakçı hüquqları müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri qanundakı dəyişikliklər istehlakçının zərərinə olub. Qida Təhlükəsizliyi haqqında olan qanun yenicə təsdiqlənib. Həmin qanun və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsi sadəcə qida təhlükəsizliyinə cavabdeh olduğunu diqqətə çatdırır. Keyfiyyət məsələsi isə masanın üzərində qalıb. 18 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı ilə malların sertifkatlaşdırılmasına dair əhəmiyyətli bir qərar ləğv olundu. Hazırda olan standartlara nəzər salsaq. Biznes qurumları yaranmış olan toxunulmazlıq, yoxlanılmazlıq şəraitindən sui istifadə edir. Necə gəldi və nədən gəldi fast food və digər qidaları hazırlayırlar".

 

Eyyub Hüseynov onu da bidirib ki, xüsusən dönərxanalar istehlakçıların ən çox zərər çəkdiyi yerlərdir: "Ölkədə dönərxanaların standartlarına uyğun hazırlanan, məhsulların -40 dərəcə dondurmadan keçirən iki müəssisə müəyyən olunub. Onlarda xüsusi avadanlıqlar var və təhlükəsiz dönər istehsal edirlər. Bu istehsal yerindən demək olar ki, heç bir faiz dönərxanada mal götürmür. Belə şəraitdə mütləq qanunlarda dəyişiklik edilməlidir. Qida Təhlükəsizliyi Agentliyinə və yaxud müəyyən dövlət qurumuna xüsusi səlahiyyət verilməlidir. Eyni zamanda qida sahəsində cəld müdaxilə etmə mexanizmi olmalıdır. Təsadüfü deyil ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarla Mübarizə İdarəsi dəfələrlə ölmüş heyvanların ətinin şəhərə daşınmasını ifşa edib. Hesab edirəmki, bu cür təhlükəli qidalar fast foodlarla yanaşı, uşaq baxçalarına, restoranlara, şadlıq saraylarına da gedib çıxır. Azad İstehlakçılar Birliyi çağırır ki, dövlət üzünü istehlakçılara doğru çevirsin. Çünki dövləti də, ordunu da, biznesi də mövcud edən biz istehlakçılarıq. Konsitutsiyamızın 1-ci maddəsində göstərilib ki, Azərbaycan hakimiyyətinin mənbəyi xalqdır. Bütün xalqda istehlakçıdır".