ÜZLƏRDƏ GÜLÜŞ YARADAN İNSAN…

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:57 15.08.2023

   "Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 15 avqustda doğulan, Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti", Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası Afaq Bəşirqızı haqqındadır.

   Həyatda elə insanlar var ki, onlar harada olsalar insanların üzünü daim güldürməyi bacarırlar. Adları harada çəkilsə, insanların üzündə bir təbəssüm, gülüş yaranır. Afaq Bəşirqızı da daim gülüş yaradan, bütün xalqı şənləndirən insanlardan biridir. İzləyicilərinin sevimli xalq artisti Afaq Bəşirqızı 1955-ci ildə Bakıda böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində doğulub.

   1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedən aktrisa, 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib, daha sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Kino və teatr sənətində böyük xidmətləri olan aktrisa bu fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Musiqili Teatrına göndərdiyi Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. İstedadlı aktrisa teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb.

   Aktrisa bir açıqlamasında xərçəng xəstəliyindən danışarkən bunları deyib: "Bu xəstəliyin tez üstünə düşdük. Mən xalqıma ona görə minnətdaram ki, bütün müalicə öz hesabıma başa gəlsə, qarşılaya bilməzdim. Hamısını onlar öz hesablarına, mənim həyatda qalmağım üçün etdilər. Soruşsalar ki, həyatını kimə borclusan? Deyərəm, əvvəl Allaha, sonra həkimlərimə. Məndən soruşsalar ki, bir də həyata gəlsən, nə olarsan? Deyərəm, həkim. Amma nə həkimi bilmirəm”.

    Afaq Bəşirqızı Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə bir çox müxtəlif mükafatlara layiq görülüb.

 MƏRYƏM MƏMMƏDOVA