Bakıda 8, 9, 10 ballıq ocaqlar yoxdur

Tarix: 21:51 04.09.2023
Bölgələrdə maqnitudası 5,2 ballıq zəzələdən sonra iddia olunur ki, təbii fəlakət Bakının da qapısını döyə bilər. 5,2 maqnitudalı zəlzələ Kürdəmirdə qeydə alınıb. Yerli vaxtla zəlzələ 9-a qalmış, 52 km dərinlikdə baş verib. Təbii fəlakət Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, İmişli, Sabirabad, Biləsuvar və Cəlilabadda da 3-4 bala qədər hiss olunub. Kürdəmir və digər yerlərdə bəzi evlərdə çatlar əmələ gəlib.
Ən çox zəlzələdən zərər görən ərazilər Kürdəmirin Qağacılı, Xırdapay və Ərəbxana kəndlərindədir. Kürdəmir RİHB-nın müavini Ağaəli Kərimlinin sözlərinə görə, 100-dən çox evə az miqdarda ziyan dəyib. “Briqada şəklində evlərə baxış keçirilir. Hələki şükürlər olsun, elə ciddi bir fəsadlara rast gəlinməyib. Əlavə bütün məlumatlar icra hakimiyyətinə toplanılır və aidiyyatı üzrə təqdim olunacaq”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də deyir ki, əslində bu bal dağıdıcı hesab olunmur. Evlərin zərər görməsi ondan qaynaqlanır ki, ya istismar müddəti bitib, ya da bünövrəsində konstruktiv elementlərə düzgün riayət edilməyib. “Bu hiss olunan zəlzələdir. Böyük fəsadlar törətməyib. Elə bir bölgə yoxdur ki, dağıdıcı, katastraktafik zəlzələ gücündə baş versin. Dünənki zəlzələdə əslində belə götürəndə heç bir çatlar əmələ gəlməməlidir. Heç bir fəsad olmamalıdır. Yəni 5 bala yaxın böyük bir şey deyil. 7 balda çatlar əmələ gələ bilər. Mən bunu deyirəm normal tikililərdə”. Qurum rəsmisi deyir ki, bölgələrdə müşahidə olunan təbii fəlakət paytaxt üçün də qaşılmazdır. Amma nə vaxt, hansı istiqamətdə olmasını əvvəlcədən təyin etmək qeyri-mümkündür. “Bakının, yəni Abşeron yarımadasının qorxusu Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Orda da arabir xırda təkanlar gedir. Elə bir ocaq da yoxdur ki, 8, 9, 10 ballıq zəlzələlər törətsin”.
Azərbaycanın seysmik zonada yerləşdiyini nəzərə alsaq, bu kimi təbii hadisələrin baş verməsi qaçılmazdır. Əsas məsələ bu hadisələrdən üzüağ çıxmaqdır. "Bunun üçünsə dağıntı və faciənin miqdarını minimuma endirmək üçün dünyanın ən məşhur tikinti texnologiyasını ölkəmizə gətirməliyik, deyir mütəxəssislər.
AİDA