AZƏRBAYCANDA MƏŞHUR SOSİAL ŞƏBƏKƏLƏR

Tarix: 22:23 05.09.2023
Yaşadığımız sosial şəbəkələr dövründə artıq günü-gündən inkişaf edən platformaları görürük. Eynilə ölkəmiz də bu inkişafdan geri qalmır. Belə ki, artıq sosial media istifadəçiləri olaraq bu sahədə xeyli inkişaf etmişik. Ölkəmizdə ən çox istifadə edilən platformalara gəldikdə isə, əslində bunu bir neçə yaş kateqoriyasına ayırmaq olar.
Bəs Azərbaycanda ən çox aktiv istifadəçi sayı hansı platformalardadır? Bu mövzuda sosial şəbəkələrdə onlayn sorğu keçirdik. Cavabların çoxu "İnstagram", "TikTok" oldu.
Sosial Media Meneceri, Media.az SMM Group'un rəhbəri Kənan Əliyev deyir ki, 2023-cü ilin statistikası üzərindən danışsaq, ölkəmizdə ən çox istifadə edilən sosial şəbəkələr arasında birinci yerdə "Facebook" durur. “Maraqlısı isə odur ki, "Facebook" platforması artıq bir neçə dəfə 1-ci yerdə olub. Onu da qeyd edim ki, keçən ilin göstəricilərinə nəzərən Facebook istifadəçilərinin faiz dərəcəsi azalıb”.
Kənan Əliyevin sözlərinə görə, ikinci yerdə "İnstagram" gəlir. Yeni alqoritmlərlə qarşımıza çıxan İnstagram ölkəmizdə çox istifadə edilən və xeyli inkişaf edən platformadır. “Üçüncü yerin sahibi az fərqlə "YouTube" dur. YouTube-un ölkəmizdə gəldiyi yer barədə isə uzun-uzun danışmaq olar. Dördüncü yerdə bizi "Pinterest" qarşılayır. Digər ölkələrə nəzərən Azərbaycanda yüksək səviyyədə inkişaf etməmiş olmasına baxmayaraq, yenə bizi təəccübləndirmir”. Sosial Media Meneceri beşinci yerdə "Twitter"i görür. Deyir ki, bu şəbəkədə ötən illərə nəzərən Azərbaycanda istifadəçi azalması müşahidə edilib. Dərhal ardınca isə "Linkedin" platforması 6-cı yerdədir.
Digər platformalar isə azlıq təşkil edir. Kənan Əliyev statistik məlumatları da İnformator.az.la bölüşür. "Global Stats Statistic Center'in araşdırmasına əsasən statistik məlumatlar belədir:
1. Facebook: 28,54%
2. İnstagram: 24,48%
3. YouTube: 23,49%
4. Pinterest: 12,95%
5. Twitter: 7,73%
6. Linkedin: 0,8%
7. Digər platformalar: 2,02%"
ÇİNARƏ MURADOVA