ÖDƏNİŞLİ YOLUN ALTERNATİVİ HANSI ŞƏRAİTDƏ SAXLANILACAQ?

Tarix: 00:57 08.09.2023
Azərbaycanda ilk ödənişli magistral yolun inşası yekunlaşmaq üzrədir. Artıq son tamamlama işləri həyata keçirilir. 129 kilometr uzunluğunda olan yolda artıq ödəniş, nəzarət-buraxılış məntəqələrinin tikintisi bitmək üzrədir. Bəs əvvəlki yol necə, ödənişli yol işə düşdükdən sonra, nəzarətsizmi qalacaq?
Sürücülərin hər iki yolun imkanlarından istifadə edə bilmələri üçün ödənişli yolla paralel ödənişsiz yolun da şəraitini yaxşılaşdırmaq mütləqdir. Mütəxəssislərin fikrincə, əvvəlki yol baxımsız vəziyyətdə qalarsa, bu, hərəkət iştirakçılarına seçim imkanı verməmək deməkdir. İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, bu yollardan istifadə getdikcə daha da artacaq. Bu artımın daha yuxarı səviyyədə olması üçün alternativ ödənişsiz yolların baxımlılığını azaltmaq doğru olmaz. “Yəni o baxımdan ki, əgər məsələn, alternativ yollar - ödənişsiz yollar baxımsız, istifadə üçün yararsız olarsa, insanlar məcburi şəkildə ödənişliyə üz tutacaqlar. Yəni bu baxımdan hesab edirəm ki, ödənişli gözəldir, amma ödənişsizlərin də baxımlı vəziyyətdə olması bundan da gözəldir”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov başqa məsələyə diqqət çəkir. Deyir ki, böyük məbləğdə ödənişlər olanda həmin hərəkət iştitakçıları, nəqliyyat vasitələrinin sürücüləri o yola daxil olalmayacaqlar. “Çox sadə bir şeydir, alternativ yola gedəcəklər. Ona görə də dünya təcrübəsində ödənişli yollarda ödəniş sadəcə olaraq yolun cari saxlanması üçün müəyyən xərcləri qarşılamaq məqsədi ilə az miqdarda, yəni ayrı-ayrı yol istifadəçilərindən tutulan az miqdarda pullardan ibarət olur. Məsələn, bizim pulla desək, bir neçə manat”.
AYDA isə sürücülərin hər iki yoldan rahatlıqla istifadə də biləcəyini vəd edir. Qurumun mətbuat katibi Anar Nəcəfli deyir ki, ödənişli yol alternativ yoldan daha qısadır. Bu yolla hərəkət edən sürücülər daha tez, rahat və təhlükəsiz şəraitdə mənzil başına çata biləcəklər. Eyni zamanda alternativ yolda da hərəkət iştirakçılarına geniş imkanlar təklif olunacaq. “Sürücülərə ədalətli və bərabərhüquqlu seçim imkanı veriləcək. Ödənişli yoldan, və yaxud da ödənişsiz yoldan istifadə edilməsi. Hal-hazırda Quba istiqamətində davam etdirilir. Asfalt beton örtüyünün keyfiyyətində heç bir fərq olmayacaq, ödənişi və ödənişsiz yolla müqayisədə. Amma, ödənişli yol daha qısa olacaq, daha sürətli olacaq. Ödənişsiz yol isə müqayisədə daha uzundur və təbii ki, orada məhdudiyyətlər olacaq və yaşayış məntəqəsindən keçəcək”.
Tikinti işlərinin bu ilin sonuna kimi yekunlaşdırıması nəzərdə tutulur. İşlər tam başa çatdıqdan sonra istifadəyə verilmə tarixi məlum olacaq.
Zeynəb