BREYKDANS: RƏQS, YA TƏRZ?
Bölmə: Mədəniyyət › ,Tarix: 18:27 11.09.2023
Nyu-York-da hip-hopun bir növü kimi yaransa da, tezliklə dünyanın hər yerinə yayılır. Breykdans gənclərin sevimli məşğuliyyətlərindən biri hesab edilir. Onlar etdikləri rəqs hərəkətləri ilə bir növ özlərini ifadə etməyə çalışırlar.
15 yaşlı yeniyetmənin yaratdığı janr bu gün müxtəlif millətin nümayəndələri olan milyonlarla gənci öz ətrafında birləşdirir. Breykdans üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İldırım Mirməmmədov deyir ki, bu rəqs indi daha çox idman növü kimi məşhurlaşıb. Artıq Breykdansla məşğul olanlar da olimpiya yarışlarında iştirak edə biləcəklər.
Gənclər hələ də Breykdansa idmandan çox incəsənət növü kimi yanaşırlar. Onlar göstərdikləri hərəkətlərlə bir növ fizika qanunlarını pozduqlarını deyirlər. Məşqçinin sözlərinə görə, breykdansda konkret hərəkətlər yoxdur. Breykdans individual yanaşma tələb edir.
İlk vaxtlar gimnastika ilə məşğul olan Sara Qaribova artıq 3 ildir ki, breykdansla məşğuldur. Onu ruhlandıran isə musiqiyə olan həvəsidir. Bgirl Sara deyir, onu əsas cəlb edən cəhətlərdən biri də odur ki, rəqs zamanı yeni öyrəndiyi istənilən hərəkəti edə bilər. Bu işdə onun ən böyük dəstəkçisi isə ailəsidir.
Orxan Mirzə 4 yaşından etibarən müxtəlif idman növləri ilə məşğul olub. Deyir ki, breykdansla tanışlıq ona çox şeylər qazandırıb. İlk dəfə incəsənətin bu növünü gördükdə reaksiyasını gizlədə bilməyib.
Möhtəşəm rəqs tərzlərindən birinə yiyələnmək, həyatınıza aktiv fiziki fəaliyyət əlavə etmək, daxili qabiliyyətinizi üzə çəxarmaq və ən əsası özünüzə inam qazanmaq və kütlə qarşısında çıxış etmək qorxusuna qalib gəlmək istəyirsinizsə, breykdans sizin üçün əsl fürsətdir.
QASIM