Yazıçı Mircəfər Seyidovla təsadüfi görüşdən alınan -MARAQLI SÖHBƏT

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:04 12.09.2023

Həyatda çox şeyə gec qalsam da, bu gün dostumla görüşə biraz tələsmişdim. Və deyəsən  bu tələskənliyimə görə onu biraz gözləməli olacaqdım. Köməyimə isə Sahil parkında bu dəm ağlayacaq  buludların altında duran skamyalar gəldi. Dincəlmək üçün yaxşı vaxt idi... gözlərim qapandı.

 

Az sonra fəvvarələrin səsiylə getdiyim çaylardan məni skamyaya oturan biri qaytardı. Ancaq uzun müddət qopmamaq üçün cəhd etdim. Ta ki artıq ordan ayrılmğı düşünənə qədər. Çantamı çiynimə asana kimi yanımdakı şəxsin telefon danışığı məni ona yönəltdi - "Bəli, yeni kitabımı götürdüm".

 

Ani reaksiya ilə ona dönüb soruşdum  - "Siz yazarsınız?".


Bəli, o, Mircəfər Seyidov idi. Və söhbətimiz beləcə başladı. Söhbətin gedişində mən Seyidovun əlindəki türk dilinə yeni tərcümə olunmuş "Peyğəmbər" kitabı ilə tanış oldum. Sən demə, Mircəfər müəllim bu kitabı elə indicə götürübmüş.

 

Azərbaycan ədəbiyyatında dini əsərləri ilə öz yerini tapmış Seyidovdan niyə məhz bu mövzuya yaxın olduğunu soruşdum. O isə cavabında:


"Mən müsəlmanam, əlbəttə ki, öz əcdadlarımdan yazmaq borcumdur. Baxırsan düşmən öz çobanından da yazır, qabardır. Mən niyə öz Peyğəmbərimdən yazmayım?",- dedi.


Mənə görə lakonik və kifayət qədər qaneedici cavab oldu.

 

Yazarlığa tələbə vaxtlarında şeirlə başlayan Mircəfər müəllim tələbəlik illərinin çətinliyini də dilə gətirdi. O deyir ki, "tələbə olmağımıza baxmayaraq, biz sovet hökümətinə qarşı çıxışlar edirdik, bu da öz növbəsində bir sıra sıxışdırmalara və problemlərin çıxmasına səbəb olurdu. Ancaq indi belə azadlığı görmək nəfəsimi rahatladır".


Mircəfər Seyidov bunlardan başqa keçmiş xatirələrindən də bəhs etdi:


"Nənəm Naxçıvanlı idi, Şərurun Günnüt kəndindən olub. Yamacı aşırdın Vedi kəndidir, bu tərəfə gəlirdin Günnüt. Eyni torpaqdır. Elə arzumdur ki. Nəhayət, ora gedəcəyəm".


O yaradıcılığa gəlişinə akademik Abbas Zamanovun əlinin toxunduğunu da deyir:


"Zaman ötür, tez keçir. Yadıma gəlir, hələ yaradıcılığa təzə başladığım dövrlərdə müəllimimiz, dekanımız Abbas Zamanov görmüşdü ki, yaradıcılığa meylim var. Məni Məmməd Arazın yanına göndərmişdi. Abbas Zamanovun yaradıcılığımda dəstəyi böyük olub. Həmişə istəyib ki, irəli gedim. Siz xatırlamazsınız, o vaxt Türkiyə ilə əlaqələr yaranan zaman ilk dəfə Türkiyəyə gedərək Məhəmməd Əmin Rəsulzadənin qəbrini də o ziyarət etdi. Onda mən dedim ki, bax bu, əsl kişidir. Yaxşı ki həyat yolumda Abbas Zamanov kimi bir insanı tanımışam. Yeri gəlmişkən toy günümlə diplom müdafiəm də eyni günə düşmüşdü. Bu da maraqlı hadisə idi".


Ancaq  deyəsən, bundan maraqlı bir hadisə daha var idi. O, sözünə davam etdi:


"O vaxt, 1992-ci ildə mitinqdə çıxış etmişdim ki, kim döyüşmək istəyir gəlsin yanıma. Gördüm ki, 100 nəfərdən çox adam artıq yanımdadır. Biz özümüz batalyon yaratdıq. Getdik ermənidən 2 kəndi aldıq. Halbuki ərazi Tərtərin üstündəydi və erməninin ən güclü batalyonları da orda yerləşmişdi. Sonra müstəntiqlər çağırdı məni. Niyə döyüşə getdiyimi soruşdular. Mənsə cavabında dedim ki, neyləmişəm axı? 2 kənd almışam, Xocalıyla müqayisə oluna bilməz. Marağa döyüşləriydi bu. Ermənilər bu barədə  "Marağa qətliamı" adı altında 20 film çəkib. Ancaq hələ təzə-təzə bilinir ki, o batalyonun qərargah rəisi mən idim."

 

Əlizadə Zibeydə