"Bizim hər zaman marağımız qırxıncı otağa olub"-Anar Vəziroğlu

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:38 25.09.2023

“Müasir dövrdə insanların xarici ədəbiyyat, mədəniyyət kimi sahələrə marağı artsa belə, onlara indiki zamanda heç nəyin ən yaxşısı təqdim edilmir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu deyib. Onun sözlərinə görə, xarici mədəniyyət, ədəbiyyat nümunələri keçmiçdə belə, kifayət qədər təqdim olunub:

 

“Rus ideologiyası təsiri altında yaşasaq da, rus ədəbiyyatını daha çox mənimsəsək də o dövrdə bizim də xarici ədəbiyyatlara olan marağımız kifayət qədər öz əksini tapmışdı. Bizim hər zaman marağımız qırxıncı otağa olub. Çünki düşünərdik ki, 39 otağa nəzər yetirdik, diqqətimizi heç nə çəkmədi, qoy, 40-cı otağa da baxaq. Amma xariclə əlaqələr genişləndikcə, xarici ədəbiyyat nümunələri daha çox populyarlıq qazandıqca, bir daha şahid oluruq ki, nə varsa, köhnədə var. İndi kifayət qədər müasir, pop tipli musiqilər yaranır. Amma musiqinin özünün də keçmiş dövrdə ən yaxşısı bizə təqdim olunub. Tolstoy, Puşkin, Lermantov kimi tanınmış xarici yazarların ən yaxşı əsərləri əvvəlki dövrdə təqdim edilib. İndi elə şeylər var ki, heç müasir gənclərimiz primitiv, yetəri qədər sadə məlumatları bilmir. Amma o dövrdə hər şeyin ən keyfiyyətlisi bizlərə təqdim olunub. Kənddə doğulan adam necə ki, öz dünyagörüşünü o kənddən kənar inkişaf etdirə bilmir, xarici ədəbiyyata maraq bəsləyən, yerli vətəndaşlarımız da həmin ölkənin eybəcərliklərinə şahid olmur. Biz xarici ölkənin əsərinin ən yaxşı təqdim edilmiş formasını mənimsəyirik, amma həmin ölkənin eybəcərliklərinə gözümüzlə şahid olmuruq. Yaxşı ki, Dostoyevski kimi yazarlar olub. Məhz, o yazarların hesabına, Rusiyanın bütün eybəcərliklərinin, çirkli tərəflərinin şahidi olduq. Zövq dəyişikliyi ola bilər, amma, bir həqiqət var ki, vətən uğruna vuruşub, şəhid düşən, həlak olanlarımız, elə gənclərimiz idi. Gəncləri günahlandırmaq da olmaz. Keçmişdə baxanda, mən də kifayət qədər, mənalı əsərlər, povestlər oxuyardım. Amma, həmin zövqü indi tapa bilmirik”.

 

HƏCƏR ƏMİRASLANLI