Məşhur yazarların sevdiyi həmkarları

Tarix: 15:20 06.10.2023
“Bəyəndiyim çoxlu müəlliflər və çoxlu əsərlər var. Ona görə seçim edə bilmirəm. Ancaq bütün oxuduqlarımın içində iki nəfərə xüsusi simpatiya duymuş, hətta onlarla görüşmək istəmişəm”.
Bu sözləri İnformator.az-a açıqlamasında yazıçı Şərif Ağayar deyib. Yazıçı, Nizami və Folknerinə xüsusi maraq bəslədiyini qeyd edib.
“Nizaminin "Yeddi gözəl" əsəri bütün digər yanları ilə bərabər həm də mükəmməl struktura malik estetik şedevrdir. Folkner isə dünya romançılığında mərhələ yaratdı. Bunlar şəxsiyyət kimi də çox nəhəngdir. Nizami sosial ədalətdən havayı danışmırdı. Ona verilən kəndi vergidən azad etdi. Ümumiyyətlə, heç getmədi o kəndə. Kəniz göndərilən qadını azad edib onunla rəsmi nikaha girdi. Hətta "Leyli və Məcnun" poemasını onun eşqi ilə yaratdı. Əyalətdə yaşayan Folkneri isə Nobel alandan sonra ABŞ prezidenti nahara dəvət etdi. Getmədi. Açıqlaması isə dahiyanədir: "Nahar üçün 100 km çox uzaqdır". Əlbəttə, bizim başımız üçün deyil bu söhbətlər. Ona görə həsəd və həsrətlə yada saldım”.
Yazıçı Zahid Xəlil isə hər bir yazarın sevdiyi və özünə müəllim seçdiyi yazıçılar ifadəsini dilə gətirib.
“İlk gənclik illərimdə ən çox sevdiyim şair Nizami Gəncəvi və Səməd Vurğun olub. Sonra bu siyahı genişlənib. Çingiz Aytmatov, Canni Rodari, Andersen, Astrid Lindqren, Cek London...
Bu siyahı çox uzundur”.
Çinarə Tarverdiyeva