UNİVERSAL JURNALİSTLƏR KİMLƏRDİR?

Tarix: 17:41 17.10.2023
"Universal" termini jurnalistika sahəsində də gündəmə gəlib. Bu terminin açıqlaması bir neçə cəhətləri özündə birləşdirən deməkdir. Bəs univerisal jurnalistlər kimə deyirlər? Onlar hansı işləri bacaranlardır?
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin saathesabı müəllimi, jurnalist Kənan Novruzov Universal jurnalistin iş fəaliyyəti haqqında məlumat verib.
Müsahib qeyd edir ki, universal jurnalist o şəxsə deyilir ki, bir peşə fəaliyyəti ilə kifayətlənməsin. "Qəzet və yaxud da televiziya jurnalisti universal jurnalist deyil, çünki işi məhdud görür. Qəzet jurnalistinin işi yazmaqdır. O, nə montaj, nə səs yazmağı, nə də dizaynı bacarır. Universal jurnalist montaj etməyi, çəkilişi, yazmağı, müsahibə almağı, reportaj hazırlamağı və s. bu işləri bacarmalıdır".
Kənan Novruzov iddia edir ki, universal jurnalistə tələb getdikcə artır. Həmsöhbətçimiz bunun obyektiv və subyektiv səbəblərini qeyd edib. "Ən başlıca səbəb maliyyə məsələsidir. İşə qəbul edən 10 nəfərə maaş verməkdənsə, 1 nəfərə bir az artıq qonorar verir ki, hər işi görsün. Özü çəksin, müsahibə alsın, montaj və redaktə etsin və s. Düşünürəm ki, getdikcə universal jurnalistlərin sayı artacaq və bu proses mətbuata təsirini göstərəcək. Ola bilsin, yazıçı yaxşı yazardır, iti qələmi var, lakin montajı, səs yazmağı, redaktəni bacarmırsa, ona ehtiyac olmur. Həmin şəxs media bazarında itəcək. Biz bunu qarşıdakı 5-6 ildə müşahidə edəciyik".
DÜRDANƏ ƏHƏDZADƏ