Dördtərəfli əməkdaşlıq, yoxsa Avropadan Hindistana qədər olan marşurut xətti?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:56 06.03.2024

Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana səfər edib. O, erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bir sıra açıqlamalar verib. Yunan nazirin fikirlərində ən diqqətçəkən məqamlardan biri Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyü barədə dedikləridir.

 

“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”, - N.Dendias əlavə edib.

 

Məsələ ilə bağlı Politoloq Asif Nərimanlı "informator.az"a açıqlamasında bildirir ki, əslində, bunu Avropadan Hindistana qədər olan müəyyən bir marşrut xətti olaraq düşünmək lazımdır:

 

"Bilirik ki, Avropayla Asiyanı birləşdirən nəqliyyat dəhlizləri var və ən aktual dəhliz də orta dəhlizdir ki, Çindən başlayaraq Avropaya qədər davam edir. Bu gün baş verən bu mübarizələrin hər biri dəhlizlər uğrundadır. Hindistan isə çalışır ki, özünün nəzarət edə biləcəyi bir Avropaya çıxış əldə etsin. Hazırda belə bir addımı Fransa, Hindistan, Yunanıstan və Ermənistan xətti olaraq adlandırırlar. Fransa bu prosesdə yeni nizamın qurulmasında geosiyasi güc kimi arxa planda durur. Bunun üçün ən vacibi Fransanın Qərb cəbhəsində fəaliyyət göstərməsidir. Lakin Cənubi Qafqazda yerləşmə istəyi, məskunlaşma orta dəhliz məsələsinə qarşı olan bir həmlədir. Belə bir prosesə Ermənistanı da daxil edərək, Qara dəniz üzərindən nəqliyyat şəbəkəsi qurmağa çalışırlar, eləcə də Ermənistanın silahlandırılması bu prosesin tərkib hissəsidir. Beləliklə, Ermənistanın müqavimət qabiliyyətini artırırlar ki, onun üzərindən müəyyən işləri həyata keçirə bilsinlər. Paşinyanın sülh qovşağı layihəsi də bura aiddir və əgər layihə qəbul olunarsa, Ermənistan və Fransanın da rolu arta bilər. Onların məqsədləri eyni olsa da, Qərb cəbhəsi eyni mövqedən çıxış etmir".

 

Politoloq sonda əlavə edir ki, bu kontekstdən baxdıqda, Fransa, Hindistan, Yunanıstan və Ermənistan arasında dördtərəfli əməkdaşlığı, bura daxil olan Ermənistanın silahlandırılması məsələsinin hər biri eyni ittifaq xəttinin daxilində baş verən hadisələrdir. Eləcə də, proseslər yeni bir cəbhə xəttinin açılacağına da işarətdir ki, bu da hər zaman müzakirə məsələsi olub və aktualdır.

 

Aytac Kərimova