"İrandan bu cür davranışlar gözlənilən idi"-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:25 12.03.2024

Rəşt şəhərində “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans təşkil edilib. Konfransın “fəxri qonağı” Avropada yaşayan, Azərbaycanın talış əsilli vətəndaşlarının adından danışmağa cəhd edən Boris Talışinskini “Talış-Muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim ediblər.

 

Sözügedən konfransın keçirilməsi nədən xəbər verir?

 

Bu barədə "informator.az"a acıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, İranda belə bir tədbirin keçirilməsi bir daha İranın Azərbaycana qarşı olan qeyri-dost mövqeyinin təzahürüdür:

 

"Belə bir tədbirin keçirilməsi təəccüblü də deyildi. İrandan bu cür davranışlar, hərəkətlər gözlənilən idi. Çünki İranın Azərbaycana olan münasibəti dəyişməyənə qədər belə prosesləri biz görəcəyik. Məsələnin fundamental həlli ondan ibarətdir ki, İranın 1992-ci ildə qəbul etdiyi "Xarici siyasət" doktrinasında Azərbaycan dövləti İrana təhdid olaraq görülüb. Azərbaycan dövlətinə qarşı fəaliyyətlər İran dövlətinin siyasətinin əsas predmetidir. Çünki İran hesab edir ki, güclü və inkişaf etmiş Azərbaycan onun təhlükəsizliyinə təhdid yaradır. Və belə bir Azərbaycan İranda yaşayan azərbaycanlılar üçün cazibə mərkəzinə çevrilir. Ona görə belə tədbirin keçirilməsi İran tərəfindən gözlənilməz deyil. İran otuz il müddətində erməni işğalını dəstəklədiyi kimi bu gün də Azərbaycanda separatizm meyillərinin yaxud dini qrupların fəallığı nəticəsində Azərbaycanı təsir altında saxlamağa çalışır. Onu inkişaf yolundan döndərmək istəyir. Bu cür tədbirin keçirilməsi İranın riyakar siyasətinin təzahürüdür. Azərbaycan bu məsələ ilə bağlı İrana etiraz təqdim olunanda onlar bunu hansısa qurumların, qeyri-hökumət təşkilatlarının etdiyini deyəcəklər. İranın rəsmi siyasətinə aid olmadığını bildirəcəklər. Əlbəttə, belə hallar, bu cür fəaliyyətlər Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərən amillərdir. Azərbaycanın səfirliyinin bərpası prosesini yubadacaq".

 

 

Lalə Qafarova