Bu ölkələr hərbi gəmilərlə birgə təlimlərə başlayır

Bölmə: Dünya › ,
Tarix: 23:31 12.03.2024

Rusiya, İran və Çin Oman körfəzində hərbi gəmilərlə birgə təlimlərə başlayır. Bildirilib ki, təlimdə müşahidəçi qismində Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrika hərbi dəniz qüvvələrinin nümayəndələri çıxış edəcək.

 

Rusiya bir qrup döyüş gəmisinin Oman körfəzi və Oman dənizində İran və Çinlə birgə təlimlərdə iştirak etmək üçün İrana çatdığını açıqlayıb.

 

Rusiya Müdafiə Nazirliyinin dövlət mediasına verdiyi açıqlamada “Dəniz təhlükəsizlik kəməri - 2024” adlı birgə təlimdə döyüş gəmiləri və təyyarələrin iştirak edəcəyi bildirilib. Rusiya qrupuna Sakit Okean Donanmasının raket kreyseri "Varyaq"ın rəhbərlik etdiyini bildirən nazirlik, "Təlimin praktiki hissəsi Ərəb dənizinin Oman körfəzi sularında baş tutacaq. Təlimin əsas məqsədi dəniz iqtisadi fəaliyyətlərinin təhlükəsizliyini təmin etməkdir" deyib.

 

Çin Müdafiə Nazirliyi, həmçinin bazar ertəsi günündən cümə gününə qədər davam edəcək təlimin “dəniz əməkdaşlığını gücləndirmək” və “regional dəniz təhlükəsizliyini birgə qorumaq” məqsədi daşıdığını açıqlayıb. 

 

İranın dövlət xəbər agentliyi İRNA da bildirib ki, təlimin məqsədi “regionda təhlükəsizlik və təməlləri gücləndirmək və iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək”dir. Rusiya və İran mənbələri təlimdə Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrikadan olan dəniz qüvvələrinin nümayəndələrinin də iştirak edəcəyini bildiriblər.

 

Aynur Babayeva