ABŞ Rusiyanı heç bir şərt olmadan müzakirəyə çağırıb

Bölmə: Dünya › ,
Tarix: 19:57 18.03.2024

Birləşmiş Ştatlar Rusiya və Çinlə silahlara nəzarət üzrə ikitərəfli danışıqları indi və ilkin şərt olmadan aparmağa hazırdır. TASS xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild dünya təşkilatının Təhlükəsizlik Şurasında keçirilən açıq debatda deyib.

 

Tomas-Qrinfild əlavə edib: “Onların etməli olduğu tək şey “hə” deməkdir.

 

Daha əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etdi ki, Vaşinqtonun siyasəti dəyişərsə, Moskvanın Strateji Silahların Azaldılması Müqaviləsinin (START, START III) həyata keçirilməsində iştirakının bərpasına dair Rusiya və ABŞ arasında dialoq mümkündür.

 

2023-cü il martın 1-də Rusiya prezidenti Vladimir Putin Moskvanın Yeni START Müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb. Eyni zamanda, Rusiya tərəfi razılaşma çərçivəsində məhdudiyyətlərə əməl etmək planlarını açıqlayıb.

 

Yeni START və ya START III Rusiya və ABŞ arasında 2010-cu ildə qüvvəyə minmiş müqavilədir. Onun şərtlərinə görə, ölkələr öz nüvə arsenallarını 700 qitələrarası ballistik raketə, sualtı qayıq və ağır bombardmançı ballistik raketə, 1550 döyüş başlığına və 800 yerləşdirilmiş və yerləşdirilməmiş buraxılış qurğusuna qədər azaltmalıdırlar.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva