"Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır"

Bölmə: Siyasət › ,
Tarix: 22:54 27.03.2024

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb.

 

Sözügedən məsələ ilə bağlı politoloq Tural İrfan "informator.az"a açıqlamasında bildirib ki, Ermənistan mütləq işğalda saxlamaq istədiyi 8 kəndi Azərbaycana qaytarmalıdır, qaytaracaq da. Sadəcə sakit təhvil verməyə erməni xisləti və revanşist düşüncədə olanlar imkan vermək istəmir.

 

"Habelə Qərb Ermənistanı təhrik edir ki, nəinki o kəndləri qaytarsın, hətta müharibəyə də cəhd etsin. Əsasən Fransa Ermənistana silah tədarükünü təsadüfi etmir.

Ancaq buna rəğmən kəndlər qayıdarsa Qərbin Ermənistana dəstəyi dayanmayacaq. Çünki Qərbin Ermənistanı alət kimi istifadə etməsinə vasitə olacaq daha çox mövzular var".

 

Politoloq Paşinyanın fikirləri haqqında da danışıb:

 

"Paşinyan bilir ki, həmin kəndlər qayıtmasa Azərbaycan antiterror əməliyyatları keçirib öz torpaqlarını tam azad edəcək. Ona görə rüsvayçı məğlubiyyətdən qaçmaq istəyir. Paşinyan kəndlərin qaytarılmasında səmimi olmasa da buna məcburdur. Çünki başqa çıxış yolu yoxdur. Bölgədə Azərbaycan ilə gərgin vəziyyət məğlub Ermənistan üçün intihara bərabərdir. Qarşıda sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsi var. Erməni tərəfi bu addımlara getməsə belə o 8 kəndi mütləq qaytarmalıdır. Anklav olan kəndlər isə ya sülh müqaviləsindən ya da delimitasiya və demarkasiyadan sonra tam yaşayış üçün əlverişli ola bilər ki, Ermənistan buna da məcburdur. Çünki etiraf edir ki, o kəndlər Azərbaycana məxsusdur. Yəni, əsassız dirəniş və müharibəyə cəhd Ermənistanın iflasına gətirib çıxara bilər ki, bu da ümid edilən sülh müqaviləsi arzusunu biryolluq suya düşürər. Çünki Ermənistanın Türkiyə ilə münasibətlərinin tam bərpa olunanması üçün mütləq Azərbaycan ilə münasibətləri nizamlamasına bağlıdır.

Qərb Nikol Paşinyan hökumətini öz maraqları üçün münaqişəyə, revanşizmə çəkir:

 

Hesab edirəm ki, yaxın zamanda Qazaxın 4 kəndi, ikinci planda isə digər 3 kəndlə birgə Kərki kəndi azad ediləcək. Böyük miqyaslı müharibənin olması ehtimalı yoxdur, sadəcə Azərbaycanın tam qələbəsinə səbəb ola biləcək bir neçə saatlıq antiterror əməliyyatının aparılması da istisna deyil. Çünki Ermənistanda bəzi qüvvələr xislətlərinə xas olaraq kəndləri rahatlıqla qaytarmaq istəyinə qarşıdırlar. Odur ki, müəyyən təxribatlar da gözləniləndir".

 

Zəhra Həsənova