Himayədar ailə modeli: Qəyyumluqdan fərqi nədir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:44 06.04.2024

Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb. Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir.

 

Belə ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb.

 

Bəs himayədar ailə layihəsinin qəyyumluqdan nə kimi fərqləri var?

 

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə “informator.az”a açıqlamasında bildirir ki, bu layihənin əsas məqsədi uşaqların ailə mühitində qayğı ilə böyüməsidir:

 

“Qanunla müəyyən olunmuş şərtlər çərçivəsində himayədar ailələr təyin edilir. Sənədlər toplanır, ailə lazimi şərtləri yerinə yetirdikdə himayədar ailə kimi qələmə alınır. Bu şərtlərin arasında müvafiq qaydalar var. Məsələn, evli cütlükdürlərsə, 25 yaşdan aşağı olmamalıdırlar. Eyni zamanda, tək insan da himayədar ailə ola bilər. Onda artıq yaş 30 üstü olmalıdır. Himayəyə götürən şəxslə himayəyə götürdüyü uşağın arasında yaş fərqi 18-dən az olmamalıdır. Eyni zamanda, qanunla müəyyən olunmuş ödənişlər var. 0-6 yaş arası, 7-13 yaş arası, 14-18 yaş həddi aralığında ödənilən ödənişlər fərqlidir. Bu vəsait yalnız himayədar ailəyə ödənilir, çünki ailəyə motivasiya verir ki, uşaqların xərclərini qarşılasınlar. Əgər uşağın sağlamlıq imkanları məhduddursa daha da fərqli ödəniş olunur”. 

 

Müsahib qeyd edir ki, qəyyumluqda belə faktorlar yoxdur:

 

“Qəyyumluğu daha çox valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş uşağın yaxın qohumları götürür(14 yaşa qədər uşaqlar). Amma himayədar ailədə qohumluq əlaqələri olmur. Hətta himayədar ailədə onların bioloji valideyn kimi öhdəlikləri də olmur, aralarında ana-ata bağları sadəcə ailə qayğısı çərçivəsində olur. Yəni hüquqi bağ yaranmır. Ən əsası, bu məsələləri icra edən qurumlar da fərqlidir. Himayədar ailə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lazimi sənədləri toplayıb, uşaqları müəyyən edir. Qəyyumluğu isə yerli İcra Hakimiyyətləri həyata keçirir”. 

 

 

Gülnisə Əfkari