Vitaminlər niyə hərflərlə adlandırılır?
Bölmə: Maraqlı › ,Tarix: 22:19 25.06.2024
A, C, B, D, E və K vitaminləri... Ən çox eşitdiyimiz vitaminlər adlarını hərflərdən götürürlər. Bəs bu vitaminlər öz adlarını necə alıblar?
Bu suala cavab vermək üçün ilk növbədə vitaminlərin kəşf hekayəsindən danışmaq lazımdır. 1800-cü illərin sonlarında insan sağlamlığı üçün zəruri olan qida maddələri ilə bağlı araşdırmalar aparan elm adamları bəzi mineralların, həmçinin zülal, yağ, şəkər və nişastanın əsas qida maddələri olduğunu düşünüblər.
O dövrdə bəzi xəstəliklərin niyə meydana gəldiyini anlamaq üçün səylər göstərilib. Uzun səfərlər zamanı təzə tərəvəz və meyvə yemək imkanı olmayan dənizçilərdə görülən sinqa xəstəliyinin əlamətlərinin dənizçilərin quruya çatması və balanslaşdırılmış qidalanma rejiminə keçməsi ilə ortadan qalxdığı müəyyən edilib. Buna görə də xəstəliyin səbəbinin qida çatışmazlığı ola biləcəyi düşünülüb.
Beriberi xəstəliyinin səbəbinin bir mikrob olduğunu düşünən hollandiyalı hərbi həkim Christiaan Eijkman xəstəliyin təcrübələrində istifadə etdiyi toyuqlar arasında, xüsusilə də işlənmiş ağ düyü yeyənlərdə görüldüyünü qeyd edib. Düyü emalı zamanı buraxılan kəpək qabıqları yenidən toyuqlara verildikdə toyuqlarda yaxşılaşma müşahidə olunub. Bu nəticələrdən belə başa düşülüb ki, qidaların tərkibindəki bəzi qida maddələri alınmazsa, ciddi sağlamlıq problemləri yarana bilər.
Sonralar vitaminlər adlanacaq qida elementlərinin funksiyasını və əhəmiyyətini konseptual şəkildə ifadə edən ilk alim britaniyalı biokimyaçı F.Gowland Hopkins olub. Hopkins 1912-ci ildə "Journal of Physiology" jurnalında dərc etdirdiyi araşdırmada əsas qida maddələrindən əlavə böyümə üçün lazım olan maddələri az miqdarda olsa da, "köməkçi qidalanma faktorları" olaraq təyin edib.
Vitamin termini ilk dəfə 1912-ci ildə nəşr olunan məqaləsində polşalı biokimyaçı Casimir Funk tərəfindən istifadə edilib. Funk o dövrdə hələ məlum olmayan, lakin sağlamlıq üçün zəruri olan maddələri vitamin adlandırıb. Bu söz ingilis dilində həyat üçün zəruri mənasını verən vital və tərkibində azot olan üzvi maddələr üçün işlənən amin sözlərinin birləşməsindən ibarətdir. Bütün vitaminlərin amin quruluşuna malik olmadığı sonradan başa düşülsə də, vitamin termini bu maddələr üçün istifadə olunmağa davam edib.
1913-cü ildə ABŞ-ın Viskonsin Universitetindən biokimyaçı Elmer V. McCollum yağların sağlamlığa təsirlərini araşdırarkən, süddən alınan yağların tərkibində olan bir maddənin təcrübələrdə istifadə edilən heyvanların sağlam böyüməsini və inkişafını təmin etdiyini kəşf edib. Makkollumun "yağda həll olunan A faktoru" adlandırdığı bu maddə indi A vitamini adlanır. McCollum təcrid etdiyi ikinci maddəni "suda həll olunan B faktoru" adlandırıb.
1920-ci ildə ingilis biokimyaçısı Cek C. Drummond Funk tərəfindən işlədilən vitamin termini əvəzinə vitamin sözünün, eləcə də "Yağda həll olunan A faktoru" və "Suda həll olunan amil A" kimi mürəkkəb adların yerinə vitamin A, B deyilməsini təklif edib. Beləliklə, ilk kəşf edilən vitaminlər A, B, C, D və E vitaminləri əlifba sırası ilə adlanıb. Lakin bu adlandırma üsulu sonradan kəşf edilən vitaminlərə tətbiq olunmağa davam etməyib. Məsələn, 1929-cu ildə kəşf edilən K vitamininin adlandırılmasında onun funksiyası (K vitamini qanın laxtalanmasını təmin edir) nəzərə alınıb.
Bu gün vitaminlərin adlandırılması zamanı Beynəlxalq Təmiz və Tətbiqi Kimya İttifaqının (IUPAC) və Beynəlxalq Biokimya İttifaqının (IUB) müəyyən etdiyi qaydalar nəzərə alınır.
Aydan Qasımova