İmpulsiv Nəzarət Pozğunluğu nədir?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:56 26.11.2024

Hər birimiz bəzən stress, narahatlıq və ya sıxıntı anlarında qeyri-adi davranışlara meyllənirik. Amma bəziləri üçün bu davranışlar sadəcə keçici deyil, onlar həyatlarının bir hissəsinə çevrilir. Trixotillomaniya – bir çoxlarının heç tanımadığı və ya anlayışla qarşılamadığı bir pozuntu, saç və ya bədən tüklərinin çəkilib qoparılması ilə xarakterizə olunur. Bu davranış yalnız fiziki deyil, eyni zamanda dərin emosional izlər buraxan bir vərdişdir.

 

İnsanlar nə üçün belə bir davranışa meyllənir? Onun inkişafında rol oynayan faktorlar hansılardır?

 

Məsələ ilə bağlı Uzman Psixoloq Samirə Bağırova "İnformator.az"a açıqlamasında qeyd edir ki, Trixotillomaniya – bədən tüklərini, saç, qaş, kiprik yolma davranışı ilə bilinən psixoloji pozuntudur:

 

 

"Son zamanlar əsasən gənclər və yeniyetmələr, eyni zamanda az yaşlı uşaqlar arasında sıx-sıx rast gəlinir. Bu psixoloji pozuntu insanların ümumən həyatlarına mənfi təsir göstərir.

 

Bu pozuntu məqsədli şəkildə baş verə bilər. İnsan stressdən və gərginlikdən qurtulmaq üçün bilərək, şüurlu şəkildə bunu edir – bir növ rahatlayıcı üsul kimi. Şüursuz şəkildə baş verdikdə isə insan vücudunun hansısa hissəsini yolduğunun fərqində olmur; bunu yalnız kimsə dedikdə və ya sonradan aynada gördükdə anlaya bilir".

 

Psixoloqun sözlərinə görə, Trixotillomaniya Obsessiv-Kompulsiv Pozuntu (OKP) kimi bilinir:

 

 

"Onun səbəbi genetik faktor da ola bilər, yaxud digər psixiatrik pozuntular səbəbindən də yaranır. Məsələn, depressiya, daxili gərginlik, təşviş-həyəcan, gələcək qayğıları, sosial fobiya və ya pis vərdişlərə asılılıq halları. Tətikləyici səbəb kimi isə stress göstərilir " .

 

Zəhra Məmmədova