Azərbaycan mətbuatı tarixindən- Nəsiman Yaqublunun yazısı
Bölmə: MEDİA › ,Tarix: 10:57 22.07.2024
Çar Rusiyasının XIX əsrin birinci yarısında Azərbaycanı işğal etməsindən sonra xalqımızın ictimai-siyasi həyatında yeni dövr başladı.
Rusiyanın iqtisadi, siyasi, mədəni-kültürəl baxımdan inkişaf etmiş ölkə olmaması, işğal etdiyi bölgələrin tərəqqisində ciddi problemlər yaradırdı.
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadə bununla əlaqədar yazırdı: “Rusiya nə Avropa kimi Avropa, nə də Şərq kimi Şərq idi”.
Böyük mütəfəkkir M.B.Məmmədzadə “Milli Azərbaycan hərəkatı” kitabında yazırdı: “Rusiyada o zamandan ta 1861-ci ilədək rəsmən, dövrümüzə qədər isə feilən bir köləlik rejimi mövcud olub hər bir haqq və hüquqdan məhrum kəndli bazarda əşya kimi satılırdı”.
“XX əsrin əvvəllərində Avrasiyanın müsəlman hərəkatı tarixindən” kitabında isə belə bir qeyd var: “Rəsmi sənədlərin səhifələrində İslam dininə sitayiş edənlərin hamısı ümumi “müsəlman” termini ilə ifadə edilirdi”.
Sonrakı dövrlərdə Rusiya həyatında baş verən ictimai-siyasi yeniliklər burada yaşayan “müsəlmanların” da inkişafına təsir etdi. Onların sayı isə 30 milyondan çox idi. Böyük mütəfəkkir Ə.Ağaoğlu “İrşad” qəzetindəki yazısında həmin rəqəmi qeyd edirdi. 1914-cü ilin 9 yanvarında Kazan tatarlarının qəzeti olan “Ulduz”da çap olunan “Rusiyada müsəlman çoxdurmu?” məqaləsində həmin rəqəmin 31 milyon olduğu yazılırdı.
Qeyd edək ki, Rusiyanın 1913-cü ilə aid olan rəsmi məlumatında müsəlmanların sayının qəsdən azaldılaraq 13 milyona çatdırıldığı məlumatı bildirilirdi.
Müsəlmanların isə çar Rusiyası maneələrindən xilas olaraq getdikcə inkişafa meyilliliyi müşahidə olunurdu. Əlavə edək ki, çar Rusiyasında müsəlmanların maariflənməsinə və elmlənməsinə hər zaman problemlər yaradılırdı və bu, dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdi.
Bir statistikaya diqqət edək: 1914-cü ildə Rusiya universitetlərində təhsil alan 35695 min tələbədən yalnız 192-si müsəlman idi. Yenə 1914-cü ilin statistikasına görə Rusiyanın ali texniki tədris müəssisələrində təhsil alan 9704 tələbədən yalnız 46-sı müsəlman idi.
Mətbuatla bağlı faktlar da acınacaqlıdır: inqilabaqədərki Rusiyada müsəlman mətbuatı iki dövrə bölünür: 1870-ci və 1904-cü illər, 1905-1917-ci illər.
Çar Rusiyasında ilk müsəlman qəzeti 1875-1877-ci illərdə Bakıda çap olunmuş “Əkinçi” qəzetidir, redaktoru H.Zərdabidir. İkinci nəşr edilən, lakin ən uzunömürlüsü 1883-1918-ci illərdə çap olunmuş “Tərcüman” (“Tərcüməçi”) qəzetidir.
1875-1917-ci illərdə Rusiya ərazisində leqal olaraq Azərbaycan dilində 64, özbək dilində 14, qazax dilində 9, krım tatarlarının isə 7 nəşri var idi. 1905-ci ilin sentyabrından 1917-ci ilin fevralına qədər isə Rusiya ərazisində tatar dilində 76 dövri nəşrlər mövcud idi. Müsəlman dövrü nəşrlərinin tirajı da çox deyildi, 1000-dən 2000-nə qədər, nadir hallarda 4000-dən 5000-ə yüksəlirdi. Ən çox tirajı olan və tatar dilində çıxan liberal istiqamətli “Vakit” və “Ulduz” qəzetləri idi.
Cənubi Qafqazda yaşayan xalqların mətbuatı ilə bağlı maraqlı faktlara Qafqaz Senzura Komitəsində çalışmıış Mirzə Şəfi Mirzəyevin xatirələrində rastlaşmaq mümkündür. O, gürcü və ermənilərdən fərqli olaraq Rusiya hökumətinin azərbaycanlılara fərqli yanaşdığını belə açıqlayırdı: “Nəzərə alsaq ki, rus hökuməti hələ 1853-cü ildə gürcülərə və ermənilərə şəxsi mətbuat və ədəbiyyata malik olmaq hüququ vermişdi və hətta qanunvericilik səviyyəsində onların nümayəndələrini Şərq dilləri senzoru vəzifəsinə təyin etmişdi”.
Qeyd edək ki, Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı başa çatdıqdan sonra burada yaşayan xalqların dillərində çap olunan yazılara nəzarət etmək üçün ayrıca bir quruma – senzuraya ehtiyac getdikcə güclənirdi. Çar hökuməti Senzura Komitəsi yaratmadan öncə müxtəlif qurumların bu sahəyə nəzarətini rəsmiləşdirməyə başladı.
M.Ş.Mirzəyev yazırdı: “1837-ci ilin 23 dekabrında Tiflisdə nəşr olunan kitabların yoxlanılmasının Gürcüstan, Qafqaz və Zaqafqaziya əyalətləri Baş İdarəçiliyinin tabeliyinə təqdim edilməsi haqqında” Ali fərman verildi. 1849-cu il 9/13 iyun tarixli 1918 saylı Canişinliyin Qafqaz Təhsil Dairəsinin Qəyyumu haqqında olan sənədindən görünür ki, çap işləri üzərində senzura əvvəl Baş İdarəçiliyin Dəftərxanası, sonra isə İmperatorun Qafqaz Canişini tərəfindən aparılırdı. XIX əsrin ortalarına qədər iş belə aparılırdı. Bu dövrdə Xüsusi Qafqaz Təhsil Dairəsinin təsisi barədə məsələ qalxdı. 1848-ci ilin dekabrın 18-də Qafqaz Təhsil Dairəsinin yaradılması haqqında Ali Fərman dərc olundu, 1849-cu ilin aprelin 5-də isə təntənəli açılışı oldu. Bu dövrdə bütün senzura komitələri Xalq Maarif Nazirliyinə tabe idilər və əlbəttə, Qafqazda Xüsusi Təhsil Dairəsinin açılışı ilə xüsusi Senzura Komitəsi də açılmalı idi”.
Çar Rusiyasının Cənubi Qafqazı işğalından sonra gürcülər və ermənilər öz mətbuatlarını inkişaf etdirmək üçün yaradılan imkanlardan ciddi faydalanırdılar (təbii ki, burada din amili, yəni bu xalqların xristian dininə mənsubluğu başlıca rol oynayırdı. Və çar Rusiyası xristianlarla müqayisədə müsəlmanların maariflənməsinə geniş imkanlar yaratmırdı).
Təbii ki, gürcülərin, ermənilərin mətbuat və kitab nəşri ilə bağlı uğurlar əldə etdiyi bir zamanda 1875-ci ilin 22 iyulunda böyük mütəfəkkir H.Z.Zərdabinin “Əkinçi” qəzetini nəşr etməsi böyük hadisə idi.
Bu mənada M.Ş.Mirzəyevin statistik açıqlamaları maraqlıdır. “Əkinçi” çap edilən ili Cənubi Qafqazdakı nəşr nümunələrinə diqqət edək. O yazır ki, 1874-cü ildə (yəni ilk qəzetimiz olan “Əkinçi”nin nəşrindən bir il əvvəl) Cənubi Qafqazda rus dilində 28, gürcü dilində 14, erməni dilində 24 nəşr nümunələri (buraya qəzet, jurnal, kitab və s. daxildir) var idisə, Azərbaycan dilində çap məhsulu yox idi.
Dövrü mətbuat isə 1875-ci ildə Cənubi Qafqazda belə rəqəmlərlə təqdim olunur: rus dilində – 2, gürcü dilində – 5, erməni dilində – 4.
Azərbaycan dilində (mənbələrdə tatar dili yazılırdı) isə məlum idi ki, mətbuat orqanı çap edilmirdi.
1875-ci ilin iyulun 22-də Azərbaycanın ictimai-siyasi fikir tarixində ciddi hadisə baş verdi: ilk Azərbaycan qəzeti olan “Əkinçi” nəşr edildi. Qeyd edək ki, bu, çar Rusiyasında yaşayan “müsəlmanların” həm də ilk qəzeti idi. “Əkinçi” nəşr olunanda Rusiyada, xüsusən Cənubi Qafqazda yaşayan gürcülərin və ermənilərin nəşr orqanları artıq mövcud idi. Bu haqda arxiv sənədlərində və araşdırmalarda bilgilər yer almışdır.
“Əkinçi”nin nəşri ilə çar Rusiyasının təzyiqləri altında yaşamaq məcburiyyətində qalan Azərbaycanda ciddi proseslər başladı. Xalqımızın həyatında mühüm tərəqqi və milli şüura sahib olması imkanları yarandı.
Qeyd edək ki, Azərbaycan mətbuatının banisi H.Zərdabi “Əkinçi”ni asanlıqla nəşr etməmişdir.
H.Zərdabi qəzet çıxarmağın çətinliyini “Rusiyada əvvəlimci türk qəzetəsi” məqaləsində yazırdı: “Bəs qəzetəni necə çıxardım, pul yox, yazıçı, yoldaş yox, çapxana yox, hürufat yox, ümid yox, 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır...”.
Yuxarıda qeyd etdiyimiz kimi, çar Rusiyasının basqıları və feodal dünyagörüşünün buxovları altında əzab çəkən, gerilik, cəhalət və savadsızlığa bürünmüş Azərbaycan mühitinin inkişafına “Əkinçi” böyük imkanlar açdı. Çar Rusiyasının yaratdığı maneələri çətinliklə dəf edən H.Zərdabi yazırdı: “Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edib, günü-gündən irəli gedir, bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəhbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Belədə nə etməli? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları hazırlayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əsas yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın!”.
Tədqiqatlarda bu müraciətin Azərbaycan insanına ünvanlandığı dəfələrlə qeyd olunub. Lakin H.Zərdabinin hansı çətinliklər içərisində “Əkinçi”nin nəşrinə icazə aldığını və Rusiya hökumətinin daima basqıda saxladığını diqqətə alsaq, H.Zərdabinin bu müraciətinin elə mövcud hakimiyyətdən, onun müvafiq qurumlarından şikayət olduğu qənaətinə gəlmək mümkündür.
“Əkinçi”nin nəşri iki il müddətində davam etdi və 1875-ci ilin sentyabrında 56 sayı çap edildikdən sonra fəaliyyəti dayandırıldı.
Sonra “Ziya”, “Ziyayi Qafqasiya”, “Kəşkül” qəzetləri açıldı və bir müddət sonra yasaqlandı. 1903-cü ildə “Şərqi-Rus” qəzeti nəşr edilənə qədər on bir il müddətində Azərbaycan dilində mətbuat orqanı çap olunmadı.
Bu müddətdə ermənilərin, gürcülərin nəşrlərinin sayı yetərincə idi. Ümumi məlumata görə, XX əsrin əvvəllərində Cənubi Qafqazda 40-a qədər mətbuat orqanı nəşr edilirdi: 30-u rus dilində, 5-i gürcü dilində, 5-i erməni dilində.
Çar Rusiyasında nəşr məhsulları üzərində nəzarət çox güclü idi. Xüsusilə, XIX əsrin 50-ci illərindən başlayaraq Senzura Komitəsinin formalaşıb güclənməsi qəzetlərin, jurnalların, kitabların çapını xristian dininə mənsub olanlar üçün çox mürəkkəbləşdirsə də, müsəlmanlara yasaq həddinə gətirirdi.