Zelenski rəsmən açıqlayıb-Yeni müdafiə naziri

Tarix: 23:29 14.07.2025
Rüstəm Umerovun yerinə Ukraynanın Baş naziri Denis Şmıqal yeni müdafiə naziri ola bilər.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin axşam müraciətində bildirilib.
“İndiki Baş nazir Denis Şmıqalın nəhəng təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq, məhz bu sahədə hazırda ölkədə maksimum resurslar, maksimum tapşırıqlar və böyük məsuliyyət var”, - deyə Zelenski vurğulayıb.
O qeyd edib ki, Nazirlər Kabinetinin yeni konfiqurasiyasına deputatların kifayət qədər dəstəyinə ümid edir.
Həmçinin Zelenskinin sözlərinə görə, hökumətin Ukrayna ilə tərəfdaşları arasında bütün razılaşmaların tez bir zamanda auditini aparması vacibdir.
Qeyd edək ki, Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.