Qeydə alınan ən yüksək dalğa neçə metrdir?
Bölmə: Araşdırma › ,Tarix: 20:26 02.08.2024
Dəniz və okeanlardakı dalğaların əsas mənbəyi küləkdir. Dalğalar, enerjilərini azaldacaq hər hansı maneə ilə qarşılaşmasalar, bütün okean hövzəsini keçə bilərlər. Dalğalar okeanın o tayına suyu deyil, enerjini nəql edir. Bəs indiyə qədər qeydə alınmış ən böyük dalğanın hündürlüyü ilə maraqlanmısınızmı?
Okeanlarda və dənizlərdə meydana gələn böyük dalğalar üçün istifadə etdiyimiz “sunami” sözü yapon dilində “liman dalğası” deməkdir. Okean və dəniz diblərində zəlzələlər, vulkan püskürmələri və əlaqədar sürüşmələr kimi tektonik hadisələr nəticəsində suya ötürülən enerjinin yaratdığı sunamilərin sürəti saatda 900 km-i keçə bilər. Müqayisə üçün qeyd edək ki, bu sürət reaktiv təyyarənin gedə biləcəyi sürətdir. Sunami dalğaları dənizin dərin hissələrində o qədər də hiss olunmur, lakin dayaz sahillərə çatdıqda bu dalğalar dağıdıcı təsirlərə malik ola bilər. Sunamilərin təqribən 80%-i Sakit Okeanda baş verir. Buna səbəb dünyada baş verən zəlzələlərin 90 faizindən çoxunun aktiv tektonik rayonların yaratdığı “Sakit okean od halqası” adlı zonada baş verməsidir.
Meqatsunami sözü sunami dalğalarından daha böyük amplitudalı dalğalara aiddir. Meqatsunamilər adətən suyun yaxınlığında vulkan püskürməsi, nəhəng sürüşmələr və ya nəhəng asteroidlərin dənizə çırpılması nəticəsində baş verir.
Dünya tarixində qeydə alınan ən böyük sunami 1958-ci ildə Alyaska ştatının Lituya körfəzində baş verib. Bu meqatsunami, Alyaskadakı Fairweather qırıqlığının seysmik hərəkəti nəticəsində yaranan 7,7 bal gücündə zəlzələ ilə baş verib. 90 milyon ton ağırlığında, həcmi 40 milyon kubmetr olan qayaların və buzların Lituya körfəzinə düşməsi 524 metr hündürlüyə çatan su dalğasına səbəb olub. Bu hündürlük Nyu Yorkdakı Empire State Building-dən təxminən 144 metr yüksək idi. Sahildəki demək olar ki, bütün ağacları kökündən qoparan bu meqasunami əhalinin çox az olduğu ərazidə baş verdiyindən cəmi 5 nəfərin ölümünə səbəb olub.
Mənbə: https://bilimgenc.tubitak.gov.tr/makale/kaydedilmis-en-yuksek-dalga-kac-metreydi
Tərcümə etdi: Aydan Qasımova