"Məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 12:52 09.08.2024
"ABŞ- nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək.
Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova fikirlərində nə dərəcədə haqlıdır? ABŞ- nin Rusiyaya görə səhv olan bu bəyanatı Rusiya- ABŞ münasibətlərinə nə dərəcədə təsir edəcək?
Mövzunu "İnformator.az"a şərh edən politoloq Yusif Bağırzadə Ermənistanın konkret olaraq 5 aprel Brussel görüşündə həm Avropa İttifaqı, həm də ABŞ qarşısında öhdəliklər götürdüyünə diqqət çəkib:
"Bu öhdəliklərdən ən əsası Rusiyanın rəhbərlik etdiyi qrumlardan Ermənistanın çıxmasıdır. Məqsəd Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq və onu ABŞ- nin eləcədə Qərbin Avropa İttifaqına, Cənubi Qafqaza baza dövlət kimi istifadə etmək istəməsidir. Onlar Rusiyanı zəiflətmək istəyirlər. Həm ABŞ, həm də Avropa İttifaqı belə başa düşür ki, Ermənistan təmsil olunduğu, Rusiyanın rəhbərlik etdiyi qrumlar, hərbi bloklar: KTMT, Avrasiya İttifaqı, Gömrük İttifaqından çıxsa bu həmin ittifaqa üzv olan digər dövlətlərə də təsir edəcək. Ona görə də Aİ və ABŞ çalışır ki, bu yöndə Ermənistana təsir etsin və yardım göstərsin. Ən əsası bu, maliyyə yardımıdır. Bu yaxınlarda bildiyiniz kimi Aİ və Ermənistan arasında vizaların sadələşdirilməsi ilə əlaqədar Ermənistan vətəndaşlarının vizasız Aİ- ə daxil olan dövlətlərə gediş- gəlişinin təmin etməkdən ötrü bir mühit yaratdı. Əlbəttə ki, bunda da Ermənistanda keçirilən axırıncı seçkilər və Ermənistanın əhalisinin çox hissəsinin Paşinyan hakimiyyətinə səs verməsi də, Avropaya inteqrasiya etməsi də əsas götürülüb.
Bu da onu deməyə əsas verir ki, Ermənistan əhalisi bu gün çıxılmaz vəziyyətdədir. Və onlar Ermənistanın gələcəyini Avropada gördükləri üçün Paşinyan hakimiyyətinə səs veriblər".
Paşinyan hakimiyyətinin bu gün faktiki olaraq Rusiyanın rəhbərliyi altında olan heç bir ittifaqdan çıxmadığını söyləyən ekspert Ermənistanın bir görüntü yaradaraq KTMT- də fəaliyyətini dayandırdığını, lakin oradan rəsmi çıxmadığını qeyd edib:
"Ermənistan Avrasiya İttifaqında da rəsmən fəaliyyət göstərir. Ermənistan iqtisadiyyatı Avrasiya İttifaqından asılıdır. Oradan müəyyən dividendlər- 4 milyard- 4 milyard yarım xeyir götürür. Digər tərəfdən o, Gömrük İttifaqının üzvüdür. O biri tərəfdən də Türkiyə ilə sərhədləri açmaq istəyir, Azərbaycanla Sülh sazişi bağlamaq haqqında bəyanatlar səsləndirir. Avropaya, ABŞ- a xoş gəlmək istəyir. Ancaq faktiki addımlar atmır. Belə bir nəticəyə gələ bilərik ki, bu gün Bayden hakimiyyəti- Demokratlar seçki öncəsi Amerikada fəaliyyət göstərən erməni əsilli bu birliklərin, komitələrin, konqreslərin ətrafındakı qüvvələrin səslərini qazanmaq üçün çalışırlar ki, Ermənistana bu mühiti yaratsınlar. Ona görə də belə bəyanatlar səsləndirərək ona dəstək verirlər. Və bu da Ermənistanla Azərbaycanın arasında olan sülh müqaviləsinin bağlanmasına təsir göstərəcək".
Ermənistanın həmişə olduğu kimi həm Rusiya, həm Qərb tərəfdən, həm də ABŞ tərəfdən istifadə olunduğunu bildirən Y.Bağırzadə Rusiyanın Ermənistanın bu ittifaqlardan çıxmasını, Qərbin, ABŞ- ın təsir dairəsinə düşməsini istəmədiyini söyləyib:
"Çünki Ermənistan həmişə bir dövlət, qurum olaraq həm çar Rusiyası, həm Sovetlər, həm də indi ki, Rusiya Federasiyası tərəfindən başqa dövlətlərə qarşı istifadə olunub. Əgər nəzərə alsaq ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlasa və o öz Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddilarından geri çəkilsə, onun iqtisadiyyatı dirçələr, bölgədə olan kommunikasiya xəttləri açılar. Və Ermənistanın nəinki Rusiyadan hər hansı bir ittifaqdan, dövlətdən də asılılığı sıfıra enər, iqtisadiyyatı müstəqil addımlar atar. Region dövlətləri çalışırlar ki, Ermənistan bu addımları atmasın, yenə onlardan asılı olsun. Ermənistan qeyd etdiyim şərtləri qəbul etsə, müstəqil siyasət yeridən Respublika kimi yaşayacaq. Yox, bunları etməsə ya Rusiyanın, ya da modeli dəyişərək Qərbin "for post"u olacaq.
Rusiyanın başqa bir marağı da odur ki, Ermənistan ərazisində hərbi bazaları qalsın. Əgər Ermənistan ərazisindən Rusiyanın hərbi bazaları çıxarılsa, Rusiyanın Cənubi Qafqaza təsiri azalacaq və
təkcə Abxaziyada olan Rusiyanın hərbi bazası qalacaq. O da Azərbaycandan Avropaya gedən kəmərlərin yaxınlığında yerləşir. Ona görə də Ermənistanı əsarət altında saxlamaq üçün Rusiya əlindən gələni edəcək".
Banuçiçək Kalbalıyeva