Azərbaycanın MDB İclasına Qatılmaması: Səbəblər və Perspektivlər

Bölmə: Siyasət › ,
Tarix: 21:09 18.07.2025

Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirak etməyib. Rəsmi səbəb açıqlanmasa da, bu addım müxtəlif siyasi və diplomatik mülahizələrlə əlaqələndirilir.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ölkəmizin MDB-nin İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirakdan imtina etməsi bir sıra haqlı səbəblərə görədir:

 

"Belə ki, Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsi münasibətlərdə gərginlik yaradıb.

Belə ki, bu ilin iyun ayının 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərdə reydlər keçirib. Reydlər zamanı azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb. Saxlanılma və qətlə yetirilmə zamanı həyata keçirilən qəddarlıq və amansızlıq hadisənin siyasi rəhbərliyin göstərişi ilə icra olunduğunu göstərir. Etnik mənsubiyyətinə görə soydaşlarımıza qarşı törədilən bu qeyri-insani hadisələr münasibətlərin soyuqlaşmasına və kəskin haqlı etirazlara səbəb olub. Etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətllər, zorakılıq və digər qanunsuz əməllər Azərbaycanın haqlı etiraz və qınağına səbəb olmaqla yanaşı, Rusiya ilə siyasi münasibətləri gərginlik həddinə çatdırıb. Təyyarəmizin vurulması ilə bağlı Azərbaycan Rusiyadan ötən ilin sonunda Rusiya hava məkanında vurulan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarə ilə bağlı faciənin tam və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını və zərərçəkənlərə təzminatın ödənilməsini gözləyir".

 

Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da iclasda iştirakdan imtina bu faktlarla bağlı əsaslandırılıb:

 

"Şübhəsiz ki, vəziyyətin bu şəkildə davam etdiyi halda qeyd olunan iclasa iştirak etmək məqsədəuyğun olmaz. Ölkəmiz bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını istəyir. Təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözləyir. Eyni zamanda bu addımların atılması ikitərəfli münasibətlərdəki mənfi ab-havanın aradan qaldırılmasında böyük rol oynaya bilərdi. Lakin məlum olduğu kimi Rusiya hələ də özü pozduğu və buna əsaslı səbəblər yaratdığı münasibətlərin nizama salınması üçün heç bir uyğun addımlar atmayıb. Bu imtinanın münasibətləri daha da gərginləşdirməsinə inanmıram. Əksinə, Azərbaycanın prinsipiallığı Rusiyanı bir daha bu barədə düşünməyə vadar edə bilər. Azərbaycanın müstəqil xarici siyasət strategiyası var. Dövlət maraqlarına uyğun olaraq müvafiq siyasət yürüdülür və əsas xalqın mənafeyi, dövlətin maraqları ön planda tutulur. Təbii ki, Rusiyanın özünü bu cür aparması Azərbaycanın da müvafiq yol seçməsinə səbəb ola bilər. Rusiyanın hazırkı münasibətinə, mövqeyinə görə də yeni, fərqli siyasi mərhələ başlaya bilər".

 

Gülhüseynova Güllər