Əməkdaşlıq imkanları müzakirə edilib

Bölmə: Siyasət › ,
Tarix: 20:31 18.07.2025

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbərliyi "Pakistan Dəmir Yolları"nın sədri Syed Məzhər Əli Şahla videoformatda görüş keçirib. Görüşdə yükdaşıma həcmlərinin artırılması, limanların inteqrasiyası, ortaq investisiya layihələri, Şərq-Qərb bağlantısı üzrə Azərbaycan və Pakistandan keçən nəqliyyat marşrutları üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər Cənubi Asiya–Qafqaz–Avropa marşrutu boyunca müxtəlif istiqamətlərin qarşılıqlı yük mübadiləsi üçün mümkün istifadəsini vurğulayıb. Həmçinin Çin, Pakistan, Əfqanıstan və Türkmənistandan keçməklə Azərbaycan üzərindən qitələri birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafına dəstək ifadə ediblər. İkitərəfli münasibətlər baxımından pilot əməkdaşlıq layihələri, xüsusilə “Pakistan–Azərbaycan Ekspress” və Pakistan–İran–Azərbaycan pilot yükdaşıma layihələrinin inkişafı, Pakistanın Qvadar limanının imkanlarından istifadə, Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi həm Şimal, həm də Cənub dəhlizi ilə müqayisədə aktuallığını itirib:

 

"Ona görə də hazırda əsas diqqət mərkəzi Orta Dəhlizdir. Pakistan və Hindistan İran üzərindən Orta Dəhlizə qoşularaq Avropaya çıxmaq imkanları əldə edə bilərlər. Pakistan, Orta Dəhlizə qoşularaq Avropaya məhsul göndərmək niyyətində olduğunu bildirib. Bu isə Azərbaycan üzərindən yükdaşımaların həcmini xeyli artıra bilər. Hazırda İran üzərindən Avropaya çıxmaq çətinləşib. Digər ərəb dövlətləri üzərindən Avropaya çıxmaq isə xeyli xərc və zaman tələb edib. Pakistan Rəşt–Astara dəmir yoluna qoşularaq yüklərinin Avropaya göndərilməsinə üstünlük verib. Qvadar limanının Orta Dəhlizə qoşulması məsələsi də Pakistanın bu dəhlizə inteqrasiyası ilə üst-üstə düşüb. Pakistan bu liman vasitəsilə Avropaya su nəqliyyatı ilə yüklər göndərib. Qvadar limanının Orta Dəhlizə inteqrasiyası isə Pakistanın Avropaya göndərdiyi məhsulların daha tez çatmasına səbəb olacaq".

 

Aygün Babayeva