Trampın səbri tükənməz deyil - Bryus

Tarix: 19:38 18.07.2025
ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranı ilə bağlı səbri tükənməz deyil.Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Prezident Trampın bəyanatları onun vəziyyətdən razı olub-olmamasının ən dolğun mənzərəsini təqdim edir. Əlbəttə, biz görürük ki, o, narazıdır vəziyyətin inkişafından heyran deyil”, - Bryus “Rusiyanın diplomatik nizamlanmada maraqlı olduğuna dair ABŞ-nin hər hansı siqnal alıb-almaması” ilə bağlı sualına cavabında qeyd edib.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-dən verilən bütün bu açıqlamalar təzyiq xarakteri daşıyır:
“Ancaq Rusiya bu təzyiqlərdən qorxurmu? Bunun açıq və bariz cavabı Kiyevin kütləvi şəkildə Şahid dronları və İskəndər ballistik raketləri ilə bombardman olunmasıdır. Bu, Trampa verilən praktik və real cavabdır.
Ancaq ABŞ rəsmiləri, o cümlədən Prezident Brank, hələ də Tramp yalnız sözdə hədələyir. Deyilir ki, Konqresdə, xüsusilə də Senatda Rusiyaya qarşı ciddi sanksiyaların tətbiqi ilə bağlı müzakirələr gedir. Ancaq sual budur: niyə bu sanksiyalar tətbiq olunmur?
Bundan əlavə, Rusiyaya 50 günlük möhlət verilir. Bu möhlət ona görə verilir ki, Donald Tramp ilə Vladimir Putin arasındakı telefon danışığında yaxın 60 gündə yay hücumlarının ciddi şəkildə davam edəcəyi və əlavə vilayətlərin Rusiyaya qoşulacağı, yəni əlavə vilayətlərin işğal olunacağı bildirilir. Əgər müharibəni dayandırmaq istəyən və insanların ölməsini istəməyən Tramp varsa, belə olduğu halda niyə məhdudlaşdırıcı sanksiyalar tətbiq olunmur? Niyə Rusiyanın əsas şəhərləri, Rusiyanın dərinliklərində yerləşən sənaye və hərbi sənaye komplekslərinin müəssisələri, bombardmançı və qırıcı təyyarələrin yerləşdiyi aerodromlar vurulması üçün Ukraynaya uzaq mənzilli ballistik raketlər verilmir?
Əvvəlki kimi bunlar pulsuz verilmir, bütün vəsaiti və maliyyəni Avropa ödəyir. Ona görə də indiki vəziyyətdə artıq Trampın dedikləri təkcə Rusiyada deyil, qlobal səviyyədə də ciddi qəbul edilmir”.
Natiq Miri qeyd edib ki, Donald Trampda belə bir fikir var ki, hansısa mərhələdə guya ABŞ ilə Rusiya arasında tərəfdaşlıq və əməkdaşlıq baş tuta bilər:
“Bu kontekstdə Rusiyanı Çinin yanından çəkərək öz tərəfinə çəkmək istəyir. Tramp hələ də bu siyasətə inanır və qlobal siyasətdə hər şeyi biznes strukturlarında olduğu kimi idarə etməyə çalışır.Reallıq isə tamamilə fərqlidir. Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası proqnozlaşdırılması çətin bir dövlətə çevrilib və bu da ABŞ-yə və onun prezidentinə olan etimadı tamamilə sarsıdır. Hansı şərtlərin ABŞ üçün keçərli olub-olmadığını demək çətindir, çünki Tramp səhər bir, günorta başqa, axşam isə tamamilə fərqli bir fikir səsləndirir. Həm də bu fikirlərin hansı məqsədə xidmət etdiyi bəlli deyil”.
Politoloq son olaraq açıqlamasına əlavə edib ki, diplomatik nizamlanma üçün əsas maneə Rusiyanın işğalıdır, Putinin müharibə istəyidir:
“Eyni zamanda Rusiya dövlətinin, Kremlin insan amilinə zərrə qədər dəyər verməməsidir. Bir milyondan çox insan itirən Rusiya sanki heç insan itirməmiş kimi davranır. Ən böyük göstərici budur ki, Rusiya rəhbərliyi üçün insan amili demək olar ki, heç nə ifadə etmir. Ona görə də nə qədər insanın ölüb-ölməməsi Rusiya üçün vacib deyil. Rusiya tam tükənənə qədər bu müharibəni davam etdirəcək.Ümumi yanaşma baxımından Avropa Birliyinin tükəndirmə siyasəti doğrudur. Əgər Rusiya bunu istəyirsə, istədiklərini vermək lazımdır. Zamanında SSRİ kimi bir imperiyanın yanlış siyasəti bu gün Rusiya tərəfindən yenidən təkrarlanır. Öz gücünü hesablaya bilməmək Rusiyanı böyük fəlakətlərə aparır. Əngəl də bəllidir, səbəblər də. Sadəcə bu əngəl və səbəblərə uyğun real siyasət mövcud deyil”.
Ləman Mahmudlu