"Həm Türkiyə, həm də Suriya çox şey itirdi" -ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:09 12.08.2024
"Türkiyə və Suriya müdafiə nazirlikləri arasında görüş ola bilər".
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. O xatırladıb ki, daha əvvəl oxşar formatda görüş Moskvada da olub: “Ortaq nöqtəyə gəldiyimiz məsələlərlə bağlı yenə görüşlər ola bilər”.
Görüş keçirilərsə, hansı məsələlərin müzakirə olunacağı və həll yolunu tapacağı gözlənilir?
Bu barədə "İnformator.az"a açıqlama verən Tural İrfan Türkiyə-Suriya münasibətlərindəki yaxınlaşmanın vacib olduğunu bildirib:
"Regionda qonşu olan iki dövlətin "küsülü" qalması işin ziyanınadır. Münasibətlərin uzaq olduğu zaman kəsimində həm Türkiyə, həm Suriya çox şey itirdi. Uzaqlıq və gərginlik əksinə düşmənlərə xidmət etdi. Bu, uzaqlığı arzu edən Qərbin təxribatçı dairələrinin işinə yaradı. Hər halda Suriya qaçqınları məsələsi, regiondaki digər problemlər, iqtisadi məsələlər var ki, bunlar hər iki ölkənin əlaqələrindən keçir.
Məlumdur ki, Suriya de-fakto parçalanmış vəziyyətdədir və zəifləyib. Bunun sayəsində də bəzi terrorçu təşkilatlar Türkiyə üçün təhlükə yaradır. Suriya qaçqınları yerlərinə qayıtmalıdır. Bunun üçün də Suriyanın təhlükəsizlik məsələsi təmin olunmalıdır. Digər tərəfdən də qeyd etdiyimiz təhlükəli terror təşkilatlarının, PKK, PYD kimi güclərin Türkiyəyə qarşı təhrik edilməsinin qarşısı alınmalıdır. Bu kimi mövzuları müzakirə etmək və həll etmək üçün şübhəsiz ki, nəinki müdafiə nazirləri, hətta dövlət rəhbərləri də görüşməlidir".
Düşmən təxribatlarına məruz qalan, terrordan əziyyət çəkən iki qonşu müsəlman ölkəsinin arasında soyuqluğun işin xeyrinə olmadığını söyləyən ekspert bu görüşün əsasən münasibətlərin istiləşməsi xarakteri daşıdığını və nazirlərin liderlərin mesajlarını bir-birinə çatdırıb fikir mübadiləsi aparacaqlarını qeyd edib:
"Hiss olunur ki, Türkiyənin təşəbbüsü ilə münasibətlərin bərpasına cəhd var. Şübhəsiz ki, əgər hər iki dövlətin aralarındakı anlaşmazlıq aradan qalxıb maraqlarının təminatı yönündən razılıq olarsa Həmas - İsrail məsələsi də müzakirə mövzusu ola bilər. Bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Misirdə oldu və görüşlər keçirib mesajlar verdi. Ondan əvvəl prezidentin andiçmə mərasimində də İranda olub. İndi də müdafiə naziri səviyyəsində Suriya ilə görüşlər keçirir. Görünür, Türkiyə qonşu region ölkələri ilə mövcud problemlərin həllində ortaq razılıq nöqtələrini dəqiqləşdirmək və real addımlar atmaq istəyir. Ona görə ki, Fələstin problemi və İsrail - Həmas müharibəsi böyüdükcə regiondakı bütün ölkələrə sıçraya bilər, iqtisadi ziyan vura bilər. Bunu da oturub gözləmək olmaz. Hər bir halda hesab edirəm ki, ilkin görüşlərdə hər iki dövlətin təhlükəsizliyinin təmini məsələsi ön planda olacaq. Təbii ki, qeyd olunan digər mövzular da müzakirə mövzusunu təşkil edə bilər. Ümumiyyətlə bu yaxınlaşma mövcud durumda təqdirəlayiqdir və kənar təsirlərin müsəlman dövlətlərinin arasında yaratdığı buzları əritmək baxımından da müsbətdir. Suriya ilə Türkiyənin münasibətlərinin normallaşması bütün yönlərdən vacibdir".
Banuçiçək Kalbalıyeva