"Rusiya sərhədlərini yaxşı qoruya bilmir"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:35 15.08.2024
Rusiya Ukrayna müharibəsi iki ildən çoxdur ki, davam edir. Müharibə başlayandan bu vaxta qədər bir çox NATO ölkələri Ukraynaya hərbi yardımı davam etdirir. Bu gün verilən məlumata görə isə Ukrayna ordusunun Rusiyanın ərazisinə Böyük Britaniyaya aid tanklarla daxil olduğu güman edilir.
Krallığın Müdafiə Nazirliyi bu iddianı şərh etməyib. Bununla belə, Böyük Britaniya Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından istifadə etməkdə azad olduğunu təsdiqləyib. Kursk ərazisində Ukraynanın istifadə etdiyi hərbi texnikaların sayı da hələ açıqlanmayıb.
Böyük Britaniyanın bu mövzunu şərh etməməsinə görə deyə bilərikmi ki, o, Ukraynaya yardım edir?
Və Britaniya Ukraynaya yardım edirsə bu, Rusiya- Britaniya münasibətlərinə necə təsir edəcək?
Mövzunu "İnfomator.az"a şərh edən politoloq Elçin Xalidbəyli yalnız Böyük Britaniyanın deyil ümumiyyətlə NATO- nun üzvü olan bütün dövlətlərin Ukraynaya hazırda hərbi texnika və silah- sursatla dəstək olduğunu bildirib:
"Rusiya ərazisinə girən Ukrayna ordusunun arsenalında hazırda NATO ölkələrinin göndərdiyi hərbi texnika və silah- sursat üstünlük təşkil edir. Buna görə də Rusiya NATO ölkələrini bir neçə dəfə radikal cavab reaksiyası ilə təhdid edib. Artıq Kremilin bu təhdidlərinə o qədər də ciddi yanaşmırlar. Hesab edirlər ki, Ukrayna ordusu NATO ölkələrinin hərbi texnika dəstəyi ilə Rusiya ordusunu öz ərazilərindən çıxartmalıdır. Lakin belə anlaşılır ki, Ukrayna hərbi dairələri taktikanı bir qədər dəyişiblər. Ukrayna ərazisindəki Rusiya ordusunu zəiflətmək və diqqətini yayındırmaq üçün birbaşa Ukrayna ordusu Rusiya ərazisinə girib və 45 km- ə qədər irəliləyib".
Ukraynanın Rusiya sərhədlərində irəlliləməsinə diqqət çəkən ekspert Rusiyanın sərhədlərinin yaxşı qorunmadığını qeyd edib:
"Eyni zamanda bütün bunlar Rusiyanın həmin sərhəd bölgələrində yetərincə canlı qüvvəsinin və hərbi texnikasının olmadığını təsdiqləyir. İndi Rusiya Ukraynadakı qoşunlarının bir hissəsini çıxararaq Kursk bölgəsini müdafiə etmək üçün göndərmək niyyətindədir. Rusiya üçün olduqca qəliz bir situasiya yaranıb və bu situasiyanın yaranmasında da NATO ölkələrinin göndərdiyi hərbi yardımların eləcədə Böyük Britaniyanın hərbi dəstəyinin kifayət qədər ciddi rolu var. Və təbii ki, Britaniya Rusiya münasibətlərinə bu yalnız mənfi məzmunda təsir göstərə bilər. Sadəcə Rusiyanın bütün bunlara necə reaksiya verəcəyi hələlik bir qədər müəmmalı olaraq qalır".
Banuçiçək Kalbalıyeva