Zelenski Rusiyanın Kursk bölgəsində bufer zonası yaratmaq istədiyini açıqlayıb
Bölmə: Dünya › ,Tarix: 20:52 19.08.2024
Rusiyanın Kursk bölgəsində əməliyyatlarını davam etdirən Ukrayna, daha bir strateji əhəmiyyətli körpünü dağıtdıqlarını açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenski, burada bufer zonasının yaradılmasını istədiyini bildirib.
Bazar günü yayımlanan hava görüntüləri ilə Ukrayna ordusu Zvannoe bölgəsində Seym çayı üzərindəki ikinci körpünü dağıtdıqlarını bildirib.
Bu həftənin əvvəlində Seym çayı üzərində Qluşkovo şəhəri yaxınlığında daha bir körpünü dağıtdıqlarını bildirən Ukrayna iki həftədir ki, Rusiya ərazisinə doğru irəliləyir.
Zelenski Rusiyanın Kursk bölgəsində bufer zonası yaratmaq istədiyini söyləyərək, Ukraynanın buraya müdaxiləsinin daha qalıcı ola biləcəyinə işarə edib.
Reuters agentliyinə danışan hərbi analitiklərin fikrincə, bölgədəki üç körpü Rusiya tərəfindən hərbi yüklərin daşınması üçün istifadə olunur. Bunlardan ikisi ya tamamilə dağılmış, ya da ciddi şəkildə zədələnmişdir.
Zelenski həftəsonu verdiyi açıqlamada ordusunun Kurskda mövqelərini gücləndirdiyini bildirib:
“Kurskdakı əməliyyatlarımız Rusiya ordusuna, dövlətinə, müdafiə sənayesinə və iqtisadiyyatına itki verir”.
Zelenskinin sözlərinə görə, bu əməliyyatların məqsədi müdafiədən kənardır. Məqsəd Rusiyanın müharibə qüdrətinə zərər vurmaq və onun Ukraynaya növbəti hücumunun qarşısını almaqdır.
Zelenskinin müşaviri Mykhaylo Podolyak da bildirib ki, məqsəd Rusiyanı danışıqlara başlamağa inandırmaqdır.
Minlərlə rus evakuasiya edilib.
Rusiya torpaqlarına 2-ci Dünya Müharibəsindən bəri ilk dəfə xarici əsgərlər daxil oldu.
Kursk vilayətindən minlərlə insan təxliyə edilib.
Rusiya bu əməliyyata sərt cavab verəcəklərini iddia edib.
Son həftələrdə Ukrayna Rusiyanın qərbində irəliləyib, Rusiya isə Ukraynanın şərqində bir neçə kəndi ələ keçirib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Rusiyanın işğalı altında olan Zaporojya atom elektrik stansiyasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlığını təkrarlayıb.
Ötən həftə elektrik stansiyasının qüllələrində baş verən yanğında hər iki tərəf bir-birini günahlandırıb.
Mənbə: BBC News
Aslanova Fatimə