Həyatda həqiqi mənanı və məqsədi tapmağın yolları
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5118432_3.jpg)
Tarix: 23:24 11.02.2025
İnsan öz həyatında anlam və məqsəd tapmaq üçün müxtəlif psixoloji yanaşmalardan istifadə edə bilər.
Bu mövzu ilə bağlı psixoloq Sibel Piriyeva "informator.az"a açıqlamasında bildirib ki, həyatda həqiqi mənanı və məqsədi tapmaq üçün şəxs ilk növbədə özünü dərk etməlidir:
"Özünü dərk etməyin müxtəlif yolları var. Məsələn, psixoloji testlər və proyektiv metodlar mövcuddur. Bu üsullarla, yəni şüuraltında gizlənənlərlə şəxs özünü daha yaxşı kəşf edir ki, bu da özünü dərk etməyə kömək edir. Özünü dərk edən hər bir fərd həyatda müəyyən məqsədlər müəyyənləşdirir və bu məqsədlərlə həyatını daha da mənalandırır".
Həmçinin psixoloq insanın öz həyatında anlam və məqsəd tapmaq üçün psixoloji yanaşmalardan necə yararlana biləcəyini də qeyd edib:
"Bunun üçün ilk növbədə proyektiv və psixoloji testlərdən keçdikdən sonra şəxs mütləq fərqindəliklər qazanmalıdır. Yəni niyə onda bu baş verib, bu düşüncələr nədən qaynaqlanır və s. kimi suallar üzərində düşünərək özündə fərqindəlik yaratmalıdır. Bundan sonra şəxs psixoloji yanaşmalar vasitəsilə həyatdakı məqsədi, mənanı və yalnız bunları deyil, həyatın bütün istiqamətlərini daha yaxşı dərk edəcək".
Sonda isə psixoloq insanların niyə bəzən həyatın mənasını itirmiş kimi hiss etməsi və bu hissdən çıxmaq üçün nə etməli olduqları haqqında da danışıb:
"Adətən, həyatın mənasını itirmiş insanlar depressiya və tükənmişlik sindromu yaşayan şəxslər olur. Həmçinin D vitamini çatışmazlığı olan insanlarda da bu hal müşahidə edilə bilər. Bu vəziyyətdən çıxmaq üçün ən yaxşı psixoloji metodika xoşbəxt anları qeyd etməkdir. Bir dəftər tutaraq hər gün ən azı üç xoşbəxt anlarını yazsınlar. Bu üsul həmin insanlara həyatın mənasını xatırladacaq və eyni zamanda əhval-ruhiyyənin aşağı düşməsinə mane olacaq".
Nigar Həsənzadə