"Ermənistanın iki yolu var: müharibə və ya sülh"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 12:18 20.08.2024

Bir neçə gündür, Ermənistan davamlı olaraq Azərbaycanla sərhəddə təxribat törədir və Azərbaycan mövqelərini atəşə tutur. Dünyanın güc dövlətləri də bu istiqamətdə Ermənistana dəstək duraraq onu silahlandırmağa çalışır.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov "İnformator.az"a müsahibə verib:

-Rusiya prezidentinin Azərbaycana səfəri günü mövqelərin atəşə tutulması təsadüf idimi?

-Xüsusilə V.Putinin Azərbaycana dövlət səfəri günü Kəlbəcər istiqamətində atəşkəsin pozulmasını təsadüfü hesab etmirəm. Putinlə Azərbaycan dövlət başçısı İlham Əliyevin müzakirə etdiyi məsələlər arasında Cənubi Qafqazdakı mövcud vəziyyət və Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması da var. Bu ikinci Qarabağ müharibəsindən sonra V.Putinin Azərbaycana ilk səfəri idi. Statusuna görə də ən yüksək səviyyəli dövlət səfəri idi. Və Putindən qabaq da Azərbaycana Rusiya Təhlükəsizlik Şurasının baş katibinin müavini, keçmiş müdafiə naziri Sergey Şoyqu səfər etdi.
Proseslər onu göstərir ki, Rusiya regionda suların durulmasında, daşların yerinə oturmasında maraqlıdır. Yaxud da əvvəlkinə nisbətən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı daha loyaldır. Bu da səbəbsiz deyil.
1. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni reallıq yaratdı və Rusiya bu reallığı qəbul edir.
2. Rusiya indi Cənubi Qafqazın ən güclü aktoru olan Azərbaycanla münasibətlərdə ziddiyət istəmir.
3. Ukraynadakı müharibə fonunda Rusiya kifayət qədər çətin vəziyyətdədir və Cənubi Qafqazda vəziyyətin öz nəzarəti altında olmağını istəyir.
4. Artıq region üçün sülh gündəliyi var.

-Rusiya, ABŞ və Fransanın sülhdə maraqlı olmaq səbəbləri nələrdir?

-Əgər əvvəllər üçüncü qüvvələr o cümlədən Rusiya, ABŞ və Aİ regiona xaos, toqquşma vasitəsi ilə müdaxilə etmək barədə düşünürdülərsə, indi bunu sülhün təminatçısı kimi etmək istəyirlər. Ona görə də ABŞ da, Fransa da, Rusiya da deyir ki, biz sülhdə səmimiyik və istəyirik ki, sülh olsun. Təşəbbüskarlıq edirlər. Və başa düşürlər ki, indi sülh kimin vasitəçiliyi ilə olsa regionda da o olacaq. Rusiya da məhz buna görə tələsir ki, sülh onun vasitəçiliyi ilə olsun və regionda ABŞ, Fransa yox, Rusiya olsun. Bunu qeyd etdiyim iki dövlət də başa düşür. Ona görə də Rusiya nə qədər sülh istiqamətində addımlar atırsa, Ermənistanın arxasındakı qüvvələr Paris, Vaşinqton prosesə bir o qədər də mane olmağa çalışır. Belə olan situasiyada əgər qarşıya doğru addım atılırsa, Fransa, ABŞ kimi Ermənistanın havadarları süni təxribatla, sabotajla prosesi ləngitməyə çalışırlar. Bu konteksdən məsələyə yanaşanda mövqeləriminiz atəşə tutulmasının arxasında Rusiyanın regionla bağlı iddialarına zərbə vurmaq və sülhə mane olmaq dayanır. Amma bu, bizim əvvəlki illərdə şahidi olduğumuz vəziyyətləri xatırladır. Azərbaycan ordusunun ümumiyyətlə Azərbaycanın səbri sonsuz deyil. Azərbaycan ordusu adekvat cavab tədbirləri görmə iktidarındadır. Bu hüquqa malikdir və bu, ermənistan üçün yaxşı heç nə vəd etmir. Əgər növbəti hərbi toqquşma olarsa, məsuliyyəti təkcə Ermənistan yox, həm də onun havadarları, xüsusilə Fransa daşımış olacaq.

-Cop29- a hazırlıq mərhələsində Ermənistanın bunu etməkdə məqsədi Azərbaycanı qıcıqlandırıb yeni müharibəni alovlandırmaqdırmı?

-Ola bilər. Amma bu, Ermənistanın məqsədi deyil. Bu, Fransa və ABŞ- ın, xüsusilə də, Fransanın məqsədidir. Çünki bu dövlətlər qanla qidalanırlar. Hər iki dövləti maraqlandıran ancaq silah biznesidir. Ukraynanı müharibəyə saldı, silahlandırdı biznesini qurdu, İsraili müharibəyə saldı və biznesini qurdu. Ermənistanı da bir yandan silahlandırırlar. Silahlandırmaqla da bir daşla iki quş vurmaq istəyir. Həm silah bazasını yaradır, eyni zamanda da silahlandırır, şirnikləndirir. Deyir ki, "mən sənin yanındayam". Öz təsiri altına salır, sonrada siyasi drektivlərini həyata keçirir.
Cop29 ərəfəsində xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın Azərbaycana səfəri gözlənilir. Əgər belə bir şey olarsa, o gələcəksə, İlham Əliyevlə normallaşma prosesi barədə danışacaqlar və yəqin ki, bəzi qüvvələr: Fransa, ABŞ bunu istəmir. Tələsirlər və Paşinyanın səfəri ərəfəsində vəziyyəti yenidən gərginləşdirməklə mümkün danışıqların və konstruktiv mühitin təmin olunmasının qarşısını almağa çalışırlar.

-Hadisələrin hansı istiqamətdə irəlliləyəcəyi gözlənilir?

-Ermənistanın iki yolu var ya müharibə, ya da sülh yolu. Ermənistanın hərbi- siyasi hakimiyyəti əslində sülhdə səmimidir. Çünki başqa yolun olmadığını anlayır. Sadəcə olaraq bu gün Ermənistan hərbi- siyasi hakimiyyətinin bədbəxtliyi ondan ibarətdir ki, siyasi iradə ortaya qoya bilmir. Tamamilə Parisin, Vaşinqtonun, Brüsselin iradəsindən asılıdır. Nə deyirlərsə, onu edir. Onların drektivlərindən kənara çıxa bilmir.
Düşünün ki, Paris, Vaşinqton, Brüssel Ermənistanı yanan evin içinə salıb və deyir ki, buradan çıxma. Nəticədə Ermənistan orada yanır. Və həm dövlətçiliyi, həm də hakimiyyəti fəlakətə doğru gedir. İndi Ermənistanın hərbi siyasi hakimiyyəti özünü o yanan evdən atıb siyasi iradə göstərib xilas olmalıdır. Fransanın təsirindən çıxmalıdır və Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmaqla regionda əməkdaşlıq mühitinin təmin edilməsi ilə özünə təhlükəsizlik çətiri tapmalıdr. Təəssüf ki, Ermənistan hələ ki, bu siyasi iradəyə malik deyil və Fransa, ABŞ- nin tapşırıqlarını yerinə yetirir. Bir müddətdən sonra Azərbaycan görsə ki, yenə də diplomatik cəhdlər fayda vermir adekvat cavab tədbirləri ilə qarşılıq verəcək. Və bu dəfə Ermənistan üçün daha ağır nəticələr olacaq.

Banuçiçək Kalbalıyeva