Fransa hakimiyyəti: "Üzdəniraq" dövlət xadimləri yoxsa səriştəsiz prezident?
Bölmə: Siyasət › ,Tarix: 16:21 21.08.2024
Fransa Rusiya, ABŞ kimi Avropada tanınan ölkələrdən olub. Hazırkı prezident Emmanuel Makron isə son illərin nəinki ən uğursuz dövlət başçısı həm də ən səriştəsiz siyasətçisi kimi tanınır.
Bəs Makronun bu səriştəsizliyi Fransanın siyasi statusunu düşürə bilərmi?
Mövzunu "informator.az"a şərh edən politoloq Elşad Həsənov bildirib ki, Fransa həmişə dünya siyasətində önəmli rol oynayıb və öz çəkisinə görə seçilib:
"Ancaq son illər, xüsusilə də Makronun prezident seçildiyi vaxtdan sonra onun səriştəsiz dövlət başçısı olduğu ortaya çıxdı. Son illər apardığı siyasət artıq nəinki dünyada, heç öz ölkəsində də bəyənilmir. Yadımıza salaq, Fransada sarı jiletlilərin tətilləri, pensiya formasına olan etirazlar və digər məsələlər Fransa əhalisini Makrona qarşı qaldırıb. Bunun nəticəsidir ki, Avropa parlamentinin seçkilərində Makronun partiyası uduzdu, müxalifət partiyası qələbə qazandı. Sonra isə o məcbur olaraq növbədənkənar parlament seçkiləri keçirdi. Burda da yenə Makronun rəhbərlik etdiyi partiya məğlub oldu. Əyilməz Fransa siyasi partiyası qələbə çaldı və onların namizədini baş nazir qoymaq əvəzinə Makron bəhanə uydurdu ki, bu məsələlərə olimpiya oyunlarından sonra baxılacaq. Yəni bu, qanuna görə düz deyildi. Parlamentdə səs çoxluğu əldə edən siyasi partiyanın namizədi baş nazir seçilməli idi. Fransada həmin müxalif partiyalar Makronun inpiçment məsələsini gündəmə çıxarırlar".
Politoloqun sözlərinə görə, Makron özünün prezidenlik müddətini sonadək başa vura bilməyəcək:
"Son illər apardığı uğursuz daxili və xarici siyasət onu deməyə əsas verir ki, bu gün fransız xalqı Makronu dəstəkləmir. Ona dəstək olanların sayı günü gündən azalır. Buna görə də hazırda parlamentdə onun inpiçment məsələsi qoyulur. Bunu da əsasən Fransa konstitusiyasının 68-ci maddəsinə əsasən irəli sürürlər. Makron öz vəzifəsindən sui istifadə etdiyinə görə, yəni parlamentin qəbul etdiyi qərarı iqnor etdiyinə görə bu məsələni gündəmə gətirmək olar. Artıq məsələ bu yöndə irəliləyir. Ona görə də Fransa apardığı xarici siyasətə görə bir çox xarici ölkələrdən, Afrika ölkələrindən çıxarıldı. Onlara da ən böyük zərbəni elə Azərbaycan vurdu. Azərbaycanda keçən il onların 2 kəşfiyyatçısı ifşa olunub, ölkədən xaric edildi. Azərbaycandakı, Gürcüstandakı, Afrikadakı agentura şəbəkələri üzə çıxarıldı və Fransa xarici kəşfiyyat idarəsinin rəisi istefa verməyə məcbur oldu. Onun ardınca Fransanın baş naziri istefa verdi. Əslində Fransa prezidenti bu biyabırçılığa görə istefa verib getməli idi. Ancaq o, bunu etmədi. Bildiyimiz kimi Fransada hazırda baş nazir Qabriel Attaldı. O da necə deyərlər "üzdəniraq"lardandır. LGTB-nin üzvüdür. Yəni belə bir nüfuzlu dövlətə səriştəsiz siyasətçi rəhbərlik edir".
Aləmzər İbrahimova