Turançılıq yolunda yeni addımlar: "Azərbaycan yalnız Türkiyə ilə məhdudlaşmır"-RƏY
Bölmə: Siyasət › ,Tarix: 23:26 23.08.2024
Prezident İlham Əliyev Özbəkistanda rəsmi səfərdədir. Həmçinin o, tez- tez Türk dövlətlərinə səfər edir. Bu bizə deməyə imkan verir ki, turançılıq yolunda Azərbaycan mövqeyindən də yeni addımlar atılacaq?
Bu barədə türkoloq Faiq Ələkbərli "İnformator.az"a açıqlama verib. O bildirib ki, son illər Azərbaycan nəinki bölgədə, eyni zamanda Türk dövlətləri təşkilatları çərçivəsində də mühüm yer tutur:
"Azərbaycanın Türk dünyasına yönəlik apardığı siyasət liderlik bir siyasətdir. Türk xalqlarının bir araya gəlməsi üçün Azərbaycan hakimiyyəti olduqca mühüm addımlar atır. Bu baxımdan Azərbaycanın dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri də çox vacib xarakter daşıyır. Bu onu göstərir ki, Azərbaycan ancaq Türkiyə ilə məhdudlaşmır. Azərbaycan eyni zamanda orta Asiyadakı Türk dövlətləri ilə də ciddi şəkildə əməkdaşlıq edir. Əlbəttə, bu əməkdaşlıq iqtisadi, siyasi, mədəni, hətta hərbi sahədə də özünü biruzə verməkdədir. Ona görə də dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşü də çox önəmlidir. Əslində son illərdə Orta Asiyadakı türk dövlətlərindən biri kimi Özbəkistan ön plana çıxmaqdadır. Diqqət yetirsək görərik ki, burada Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın da müəyyən dərəcədə payı var. Nisbətən kölgədə qalan Türkmənistandır. Ancaq ümid edirik ki, məhz Azərbaycan və Özbəkistanın apardığı siyasət nəticəsində digər türk dövlətləri də aktivləşəcək".
Ekspert iki dövlətin inkişafından da söz açaraq onların tarixinə də diqqət çəkib:
"Dövlət başçısı İlham Əliyevin Özbəkistan çərçivəsindəki səfərindən əsas gözləntilərimiz nəinki iki tərəfli, həm də çox tərəfli olaraq türk dövlətlərinin inkişafına yönəlik olmasıdır. Baharlılar, Bayandurlular, Səfəvilər, Şeybanilər dönəmində də və sonrakı dönəmlərdə də biz görürük ki, ciddi şəkildə bizim əməkdaşlıqlarımız, ortaq dövlətlərimiz olub. Vaxtı ilə Şah İsmayılın, Əmir Teymurun gördüyü o böyük işləri İlham Əliyev və Şavkat Mirziyoyev davam etdirir. Dövlət başçılarının apardığı siyasətlə yanaşı elmi, siyasi, iqtisadi sahədə də bu əməkdaşlıqlar güclənməkdədir. Bizim əsas məqsədimiz türk dövlətləri olaraq güclü türk dövlətləri təşkilatını ortaya qoymaqdır.
Bu səfər də türk dövlətləri təşkilatını daha güclü yerə gətirməklə yanaşı iki tərəfli münasibətlərimizi də gücləndirəcək.
Bu gün də biz bu ənənələri davam etdiririk. Səfərlər həm iki tərəfli, həm də türk millətləri olaraq birliyimizi daha da gücləndirəcək".
Banuçiçək Kalbalıyeva