"7 mindən çox məzunun ali təhsil müəssisələrinə ərizə verməməsi əslində sevindirici haldır..."-Ekspert RƏYİ
Bölmə: Sosial › ,Tarix: 14:58 26.08.2024
DİM sədri:
" Bu il 7 mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib".
Məzunların ali təhsil müəssisələrinə ərizə verməmək səbəbləri nələrdir?
Bu barədə təhsil eksperti Elmin Nurizadə "informator.az"a açıqlamasında bildirib ki, bu göstərici əslində uğurlu haldır:
"Bu gün DİM idarə heyətinin sədri Məleykə Abbaszadə imtahan nəticələri ilə bağlı mətbuata açıqlama verib. Bir çox maraqlı məsələlərə toxunub , bunlardan biri də bu ilki məzunlardan 7 mindən çoxunun ali təhsil müəssisələrinə sənəd verməməsi halıdır.
Mən bunu o qədər də bədbin bir hal hesab etmirəm. Əksinə mən bunu uğurlu hal hesab edirəm. İlk olaraq ona görə ki, bizim artıq universitetə baxışımız dəyişməlidir. Universitet əmək bazarı ilə uzlaşdıqda, əmək bazarı üçün verimli təhsil verdikdə, istehsal dünyası və universitet ikilisi gücləndikdə, hamının ora can atması, yəni universitetə məqsədi şəkildə baxdıqdan sonra ali təhsil müəssisələrinin seçilməsi daha yaxşı olardı".
Ekspert universitet təhsilinin günümüzdə rəqabətə çevrilməsindən də söz açıb:
" Biz universitet adı olsun deyə universitetdə oxumağı seçirik. Bizim üçün universitet kəskin şəkildə rəqabətlilik meyarına çevrilib. Yəni universitetə yanaşmamız məqsədli xarakter daşımır. Məsələn, elə gənc var ki, onun peşə təhsili müəssisəsində hər hansı bir ixtisas ilə bağlı formalaşması həm özü üçün, həm də cəmiyyət və üçün daha uğurludur. Amma o gedir məqsədsiz şəkildə, valideynlərin və ətrafın təzyiqi ilə universiteti üstün tutur. Və ya İT-yə marağı olan bir gənc peşə məktəbində kompüterlərin təmiri və sazlanması kursunu bitirdikdə daha çox faydalıdı olacaq, nəyinki hər hansı bir universiteti bitirsə. Bu ikisidə birlikdə tənzimlənməlidir. Buna görə sevinirəm ki, ən az 7000-ə qədər gənc universitetə sənəd verməyi ehtiyac görməyib, bu təbii ki hamısına aid deyil. Digər qismi məktəbi erkən tərk etdiyinə görə bu şansdan yararlana bilməyiblər. Amma universitet bizdə kortəbii axın xarakteri daşıyır. Bu kortəbii axın məqsədli seçimə çevrilməyənə qədər ora olan kəmiyyət göstəricilərini mən ciddi hesab etmirəm".
Aslanova Fatimə