İngiltərədə “Bert” fırtınası səbəbilə “çoxlu təhlükə” xəbərdarlığı edilib!

Bölmə: Dünya › ,
Tarix: 23:40 23.11.2024

İngiltərədə qar, buz, güclü yağış və küləyə səbəb olan “Bert” fırtınası ilə bağlı ciddi xəbərdarlıq edilib.

 

 

İngiltərə Meteorologiya Xidməti (Met Office) bəyan edib ki, fırtına səbəbindən “çox təhlükəli hadisələrin baş verə biləcəyi” gözlənilir. Açıqlamaya görə, bəzi bölgələrdə küləyin sürəti saatda 113 kilometrə çata bilər ki, bu da hərəkətdə fasilələrə, daşqınlara və çətin səyahət şəraitinə səbəb ola bilər.

 

“Bert” fırtınasının əsasən İngiltərə və Şotlandiyanın şimal və mərkəzi bölgələrini təsirləndirəcəyi, qar yağışı ilə çovğunlara yol açacağı qeyd olunub. Met Office həftəsonu üçün sərt hava şəraiti xəbərdarlığı edərək, fırtınanın “çox təhlükəli vəziyyətlərə” səbəb ola biləcəyini vurğulayıb.

 

Met Office meteoroloqu Aidan McGivern bildirib: “İki-dörd saat ərzində güclü və sürətli qar yağışının şahidi olacağıq. Bu, İngiltərə və Şotlandiyanın şimalındakı təpələrdə qar fırtınalarına, təhlükəli səyahət şəraitinə və elektrik enerjisinin kəsilməsi riskinə yol açacaq”.

 

Fırtına səbəbiylə İngiltərə və Uelsdə təxminən 4 min binada elektrik kəsilib, bəzi yollar bağlanıb, qatar səfərləri ləğv edilib. Şotlandiyanın 6 bölgəsi üçün sel xəbərdarlıq edilib. Şimali Yorkşir bölgəsində polis hazırda səkkiz yol qəzası ilə məşğul olduğunu bildirib və sürücülərə yalnız zəruri hallarda səyahət etməyi tövsiyə edib.

 

Rəsmi qurumlar əhalini ehtiyatlı olmağa, hava şəraiti ilə bağlı xəbərdarlıqlara əməl etməyə və mümkün qədər səyahətdən çəkinməyə çağırıb.

 

Mənbə: TRT Haber

Fidan Fərhadlı