Bədbəxt hadisələrə yol açan dəmir yolları: Nələrə əməl etməliyik?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 09:27 27.08.2024

Avqustun 22-də “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb və xəsarət alıb.

Dəmir yolunda qadağan olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri hansı səviyyədədir?

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev "informatora.az"a açıqlama verib.
Ekspert qeyd edib ki, dəmir yolu nəqliyyatı yüksək təhlükə riski olan fəaliyyət növlərindən biridir və ondan istifadə zamanı xoşagəlməz hadisələrlə qarşılaşmamaq üçün təhlükəsizlik qaydalarını bilmək və əməl etmək vacibdir:

"Dəmir yolu nəqliyyatından istifadə edərkən  valideynlər azyaşlılara xüsusi diqqət və nəzarət etməlidir. Çünki azyaşlıların marağı səbəbi ilə  qatar istiqamətinə qaçmaq, qatara yaxınlaşmaq,  toxunmaq və yaxud qatarın reyslərinə hər hansı bir oyuncaq qoymaq kimi bir istəkləri ola bilər. Nəzarətin zəif olduğu zamanlarda dəmir yolu nəqliyyatında azyaşlılarla əlaqəli bədbəxt hadisələrin baş vermə ehtimalı yüksək olur. Nəqliyyatdan istifadə zamanı təlimatlara, təhlükəsizlik və xəbərdaredici nişanlara əməl olunmalıdır. Tələskənlik ucbatından təyin olunmamış yerlərdən yeni reyslərin üzərindən hərəkət etmək qadağandır".

Orxan Musayevin sözlərinə görə, dünya təcrübələrində də bir çox hallarda baş verən bədbəxt hadisələrin səbəbi tələskənlikdən reyslərin üstündən hərəkət zamanı qeydə alınıb:

"Dəmir yolu ərazisindən keçən şəxslər üçün yol ötürücüləri, keçid körpüləri, tunellər, xəbərdaredici siqnalizasiya sistemləri quraşdırılır və təhlükəli yerlər mütləq çəpərlənir. Dəmir yolunun ərazisində və ya obyektlərində alkoqollu vasitələrdən, psixiatrop  və ya güclü təsir göstərən maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətində olmaq qadağandır. Xüsusilə də vaqonlara minib düşdükdə uşaqlar ciddi nəzarətdə olmalıdır. Çünki vaqonlardan düşdükdə uşaqların ayağı vaqonla divar arasında olan arakəsmə arasında qala bilər".

Aləmzər İbrahimova