Metro vaqonunda siqaret kötükləri: Niyə heç bir tədbir görülmür?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:14 28.08.2024
Ötən gün Bakı metro vaqonlarında siqaret kötükləri tapılıb. Bəs, vaqonlarda siqaret kötükləri tapılması nə dərəcədə təhlükə yaradır? Belə hallara necə nəzarət olunur?
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "informator.az"a açıqlama verib. O bildirib ki, metropolitendə qatarlar sonuncu stansiyaya, yəni "Həzi Aslanov" stansiyasına çatanda digər yola keçmək üçün maşinist təbii ki, bütün qatara, o cümlədən sərnişin salonuna baxış keçirir:
"Əgər sanitariya gigiyena normalarına əməl olunmayıbsa, ümumiyyətlə kənar əşyalar və s. ilə bağlı problem, qüsur olarsa, dərhal tədbir görülür. Bu səbəbdən də sərnişinlər daim qatarları təmiz görürlər. Həmçinin belə hallarla rastlaşdıqda sərnişinlərimiz maşinist rabitəsi ilə məlumat verə bilərlər. Bu zaman təbii ki, dərhal tədbir görülür və yaxud da qatardan düşərkən stansiya əməkdaşına bu barədə tədbir görülməsi üçün məlumat verə bilərlər. Belə hallarda Bakı metropolitenində istifadə qaydalarına uyğun olaraq sərnişinlərin də üzərinə müəyyən vəzifələr düşür. Bu səbəbdən sərnişinlərimizdən rica edirik ki, belə hallarla rastlaşdıqda dərhal Bakı əməkdaşlarına məlumat versinlər. Çünki bu qatar həm də hər birimizin normal mühittə hərəkət etməyimiz, sağlamlığımız baxımından çox əhəmiyyətlidir. Metropoliten stansiyalarında və qatarlarda daim olaraq nəzarət mexanizmləri tətbiq olunur. Gün ərzində stansiyaların bu və digər mənada gigiyena normalarına uyğun olmasına xüsusi həssaslıqla yanaşılır".
Müsahibin sözlərinə görə, siqaret kötüyünün tapılması hər hansısa bir təhlükə yaratmır. Amma siqaret çəkilməsi həm kobud şəkildə qaydaların pozulmasıdır, çünki metropolitendə bir qayda olaraq tütün məmulatlarından istifadə olunması qadağandır:
"Bunun müvafiq olaraq təhlükəsi də var. Siqaret alışmaya və nəticədə yanmaya səbəb ola bilər. Vaqonlarda və ya stansiyalarda bu məmulatların istifadə olunması bir mənalı olaraq təhlükə mənbəyi olaraq qiymətləndirilir. Bu səbəbdən də qətiyyən yolverilməzdir. Çünki istər sərnişin, istəsə də, metropoliten əməkdaşının vəzifəsi təhlükəsizliyin təmin olunmasıdır. Yeni nəsil vaqonlarda artıq istehsal prosesində kameraların olması nəzərə alınır və yeni qatarlarda maşinist salonlara seçmə qaydada nəzarət də edə bilir. Amma maşinistin əsas vəzifəsi sərnişinləri mənzil başına təhlükəsiz çatdırmaqdır. Buna görə də onun bütün yol boyu əsas vəzifəsini kənara qoyub sərnişin salonlarını nəzarətdə saxlaması doğru olmazdı. Təbii ki, maşinist belə hal aşkarlayarsa, aidiyyatı üzrə məlumat verir və vəziyyətlə bağlı dərhal tədbir görülür".
Aləmzər İbrahimova