Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür!
Bölmə: Sosial › ,Tarix: 15:05 29.08.2024
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
Milli Qəhrəman 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olur.
1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirir.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutur.
1990-cı il 20 Yanvar hadisələri zamanı o, klinikanı terapevt mərkəzi kimi istifadə edir. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərir. Lakin Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edir. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar "215 kl" studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirlər.
Mustafayev Azərbaycan tamaşaçısına reportajları ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyır.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmır. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi bir çox vəzifələri öz üzərinə götürür. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişləri, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışları teletarixinin dramatik səhifələri kimi yadda qalır.
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olur. Çingiz həmin hadisələri Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilir. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırlayır. Bu, Xocalı soyqırımı hadisə haqqında ilk film olur.
O, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olur. Lakin Çingiz Musatafayev unudulmur.
2010-cu il avqustun 28-də ABŞ-nin CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayır.
"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunur. Zirvədə onun adını daşıyan lövhə də var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Banuçiçək Kalbalıyeva