Şikayətlər artır: İstifadəyə yararsız avtobuslar yenilənəcək?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:54 29.08.2024

Bildiyimiz kimi ictimai nəqliyyatda gedişhaqqı artırılıb. Məbləğ artdıqca sərnişinlərin də rahatlığı artırılmalıdır. İstifadəyə yararlı olmayan avtobuslar günü-gündən yenilənir. Lakin, bəzi avtobuslarda yenilənmə prosesi, təəssüf ki, baş vermir. Məsələn, Abşeron və Sumqayıt şəhəri arasında sərnişin daşımanı həyata keçirən "536" nömrəli avtobusu nümunə göstərə bilərik. Avtobus həm çox balacadır, həm də diskomfortdur. Sərnişinlərdən də  şikayətlər gəlir.

Abşeron rayon sakini Sevinc Hümmətova avtobusun mənfi cəhətlərindən danışıb:
"Neçə ildir ki, bu marşrut xəttindən istifadə edirik. Yetəri qədər adam da istifadə edir. Mehdiabad, Fatmayı, Görədil, Novxanı, Sumqayıt-bu əraziləri əhatə edir. Çox narahat marşrutdur. Gediş haqqı da artırılıb. Son dayanacağa kimi 0.80 qəpik ödəyirik. Köhnə avtobusdur. İri avtobuslarla təmin olunsa, biz də çox sevinərik. Biz inkişaf etmiş ölkəyik. Bura Banqladeş yox, Azərbaycandır".

10-cu sinif şagirdi Dəniz Qafarlı xəttə az avtobus işlədiyi üçün gec gəlməsindən şikayətlənib:

"Avtobus çox kiçik və narahatdır. Bəzən olur dayanacaqda 1 saat, saat yarım gözləmək məcburiyyətində qalırıq. Həmçinin tələbələr, şagirdlər də istifadə edirlər və bu onlar üçün də çox diskanfortdur".

Sözügedən məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov "informator.az"a verdiyi açıqlamasında qeyd edib ki, hazırda ölkədə yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb:

"Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılır. Hazırda Bakıda 25 küçə və prospektdə uzunluğu 75 km-dən çox xüsusi avtobus zolaqları təşkil edilib.
Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir".

Tural Orucov sonda vurğulayıb ki, bu il ərzində 200 avtobusun təmir olunacağı, 160 yeni elektrik avtobusunun isə sərnişinlərin xidmətinə veriləcəyi planlaşdırılır:

"Avtobus parkının yenilənməsi və  genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160  yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır".

 

 

Lalə Qafarova