Sosial şəbəkələr, həqiqətən də, bizi dinləyirmi?-Mütəxəssis AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 18:31 29.08.2024

İnsanlar smartfon cihazlarının mikrofonunun onları dinlədiyindən narahatdır.


Əksər vaxtlarda bir mövzu haqqında danışırıq və dərhal qarşımıza sosial şəbəkələrdə həmin danışdığımız mövzuya uyğun video ve reklamlar çıxır. Bu isə insanlarda narahatlığa və eyni zamanda marağa səbəb olur.
Bu necə və nə səbəbə baş verir?

Mövzu ilə bağlı İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov "informator.az"a açıqlamasında bildirib ki, bu mövzu çoxlarının marağına səbəb olsa da, texnoloji izahları və şəxsi məlumatların istifadəsi baxımından bir neçə vacib məqamı vurğulamaq lazımdır:

"Belə ki, sosial şəbəkələrdə bir mövzu haqqında danışdıqdan sonra həmin mövzuya uyğun reklamların görünməsi bir neçə texnoloji faktora əsaslanır:
Sosial şəbəkələr və reklam platformaları sizin onlayn davranışlarınızı, o cümlədən axtarışlarınızı, oxuduğunuz məqalələri və hətta bəzən yazışmalarınızı təhlil edərək sizin maraqlandığınız mövzular haqqında məlumat əldə edirlər. Bu məlumatlar əsasında isə daha uyğun reklamlar göstərilir. Bir çox insanlar isə smartfon cihazlarının mikrofonu onları dinlədiyindən narahatdır. Əslində texniki cəhətdən bu mümkündür və bəzi tətbiqlər həqiqətən də mikrofon icazəsindən istifadə edə bilir. Lakin, bu məlumatın məhz reklam məqsədilə istifadə edildiyi məsələsi çox vaxt mübahisəli qalır. Bəzən insanlar bir mövzu haqqında danışandan sonra həmin mövzuyla bağlı reklamı görürlər və bunu təsadüfən olduğundan daha məqsədyönlü bir hadisə kimi qəbul edirlər".

Ekspertin sözlərinə görə, narahatlıq isə müəyyən hallarda əsaslıdır:

"Şəxsi məlumatların toplanması və istifadəsi hər zaman təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif fikirlər formalaşdırır. İnsanlar şəxsi həyatlarının gizliliyinin qorunmasını gözləyir və bu da, öz növbəsində texnologiyaların yaratdığı potensial sui-istifadədən narahatlıq yaradır. Bununla belə, istifadəçilər gizlilik parametrlərini tənzimləməklə və cihazlarının mikrofon icazələrini məhdudlaşdırmaqla bu narahatlıqları minimuma endirə bilərlər".

Elnurə Kərimova