İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması: sınaqdan çıxmış təcrübələr və tətbiqi imkanları

Bölmə: Sosial › ,
Tarix: 14:53 29.08.2024

İşğaldan azad edilmiş ərazilərdə 1041 yaşayış məntəqəsində (şəhər, qəsəbə, kənd) qurulması və 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34.5 min ailənin, 2040-cı ildək isə 880.2 min nəfərin köçürülməsi planlaşdırılır. Aydındır ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı inkişaf planlarının parametrlərini əhəmiyyətli səviyyədə dəyişəcək. Başqa sözlə faktiki icra sürəti, köçürmə və məskunlaşdırma miqyası gözləniləndən daha yüksək olacadır.

Bu isə öz növbəsində i) icma quruculuğunun səmərəli təşkili ii) dayanıqlı məskunlaşma kimi iki mühüm çağırış formalaşdırır. Təbii ki, bu qədər böyük miqyaslı fəaliyyətlər kompleks yanaşmalar tələb edir. Xüsusi ilə də sosial və iqtisadi əsasların əvvəlcədən və yaxud məskunlaşma ilə paralel şəkildə həyata keçirilməsi, rifahı dəstəkləyən istiqamətlərdə, o cümlədən məşğulluq, özünüməşğulluq, sahibkarlıq fəaliyyətləri, ailə-təsərüfat fəaliyyətləri üçün əlverişli mühitin yaradılması, həmçinin köçürülməsi planlaşdırılan əhalinin buna hazırlığının təmin edilməsi zərurəti yaradır.

Məlumdur ki, ən mühüm məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluq imkanlarının yaradılmasıdır. Nəzərə alsaq ki, rəsmi statistikaya görə əsas iqtisadiyyatda təxminən hər iki şəxsdən biri məşğuldur. Uzunmüddətli dövrdə azad edilmiş ərazilərlə əsas iqtisadiyyatın parametrlərinin uyğunlaşacağı aksiomu əsas götürsən bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə növbəti iki dekada təxminən 450-500 min məşğulluq imkanı təmin edilməlidir. Bunun üçün riskdözümlü iqtisadi mühitin yaradılması, davamlı inkişafı dəstəkləyən siyasətlərin tətbiqi, xroniki çatışmazlıqların təkrarlanmaması, sosial institutların harmoniyası, bərpa prosesin maliyyələşdirilməsi və xərclərin uğurlu paylaşdırılması kimi müxtəlif aspektləri eyni arada birləşdirəcək mükəmməl siyasətlərdən istifadə edilməsi vacibdir.

Bu məqalənin məqsədi sınaqdan çıxmış yenidən inşa və bərpa təcrübələrinin müxtəlif aspektləri ilə nəzərdən keçirilməsi, həmçinin tətbiqi imkanlarının öyrənilməsidir.

Aydındır ki, xüsusilə münaqişələr, təbii fəlakətlər və ya genişmiqyaslı böhranlardan sonra sosial infrastrukturu, ictimai institutları, iqtisadi əlaqələri və uzunmüddətli təcrabə bankı dağılmış ərazilərin bərpası mürəkkəb və çoxşaxəli prosesdir. Beynəlxalq təcrübədə bu istiqamətdə bir neçə ana inkişaf xəttini özündə ehtiva edən strukturlaşmış yanaşmalar vardır. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. İcma əsaslı yenidənqurma - bu yanaşmanın mərkəzində yerli icmalara yaşayış binalarının (evlərin, çoxmənzilli binaların, təsərüfat obyektlərinin) və sosial infrastrukturunun yenidən qurulmasında liderlik etmək səlahiyyətinin verilməsi ideyası dayanır. Yanaşmanın mahiyyəti yenidənqurma prosesinin ofislərdə, yerli şəraitdən, tarixi inkişaf meyillərindən, bölgənin coğragi xarakteristikasından, icma davranışının xüsusiyyətlərindən az məlumatsız yaxud məlumatsız qərarqəbuledicilər tərəfindən deyil, uzunmüddətli təcrübələri ilə bu ərazilərin bərpasının effektivliyinə töhvə verəcək yerli icma təmsilçilərinin və sakinlərin prosesdə iştirakçılığının təmin edilməsi yolu ilə daha davamlı və mədəni aspektləri ilə uyğun nəticələrin hədəflənməsidir. Nümunə kimi İndoneziyanın Aceh şəhərində sunamidən sonra bərpa işlərini göstərmək olar. Acehdə icmanın rəhbərlik etdiyi proses daha sürətli yenidənqurma və yerli ehtiyaclara uyğun həllərin tapılması kimi üstünlükləri ilə müşahidə olundu.

2. İnteqrasiya edilmiş Planlaşdırma – bu yanaşma yenidənqurma prosesinin maddi və qeyri-maddi tərəflərinin/faktorlarının inkişaf paralelliyini təmin etməyi əsas hədəf olaraq müəyyən edir. Belə ki, inteqrasiya edilmiş planlaşdırma təcrübəsində yenidənqurma səyləri maddi (yaşayış infrastrukturu, o cümlədən evlər, çoxmənzilli binalar; sosial infrastruktur, o cümlədən yollar, kommunal infrastruktur, yerli və mərkəzi idarəetmə institutlarının binaları, səhiyyə və təhsil kimi müxtəlif aspektləri ilə ədalət, barışıq, sabitlik kimi qeyri-maddi aspektlərin vəhdətini nəzərdə tutur. Təcrübənin ən uğurlu tətbiqi Ruandada münaqişədən sonrakı yenidənqurma prosesində özünü göstərir. Ruandada hökumət ədalət, barışıq və uzunmüddətli sabitliyə diqqət yetirərək fiziki yenidənqurmanı sosial və iqtisadi yenidənqurma ilə birləşdirən vahid yanaşma tətbiq etdi ki, nəticələr kifayət qədər cəlbedici idi. 2023-cü ilin uğurlu antiterror əməliyyatı sabitlik faktorunun yenidənduqrma prosesinə paralelliyinə töhvə vermiş olsa da ədalət və sülh kimi komponentlər istiqamətində uzunmüddətli səylərin tələb olunduğu aydındır.

3. Beynəlxalq Əməkdaşlıq və Dəstək – bəşəri dəyərlərin qabarıq təqdimatı fonundan qlobal əməkdaşlıq resurslarının/alətlərinin hərəkətə keçirilməsi, prosesin maddi və qeyri maddi xərcinin bölüşdürülməsi, inkişaf etmiş təcrübələrin idxalı kanallarının genişləndirilməsi yolu ilə modernizasiyanın təsirlərinin artırılması kimi aspektləri ehtiva edir. Motivlərinin və usullarının fərqli olmasına baxmayaraq maraqlı nümunələrdən biri kimi, II Dünya Müharibəsindən sonra ABŞ-ın təşəbbüsü və dəstəyi ilə qəbul edilən Marşal Planına diqqət yetirmək olar. 1948-ci ildə xarici yardım göstərmək məqsədi ilə qəbul edilən Plannın icrası çərçivəsində II Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar məbləğində (cari dəyəri təxminən 200 mlyard dollara adekvatdır) yardımın ayrılmasını nəzərdə tuturdu. Təşəbbüskarın və dəstəkçilərin məqsədlərinə müharibə nəticəsində dağıdılmış bölgələrin infrastrukturunu bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayenin modernizasiyası, rifah göstəricilərini yaxşılaşdırmaq və s. idi. Marşal planı həmçinin dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi. Geriyə ekskursiya göstərir ki, Marşal Planı yalnız maliyyə yardımı deyil, eyni zamanda texniki dəstək və uğurlu siyasətlərin tətbiqi ilə nəticələndi. Bu təcrübə hər hansı ekzogen və dağıdıcı təsirə məruz qalmış regionların ehtiyacları ilə uyğunlaşan yaxşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın vacibliyini göstərir.

İşğaldan azad edilmiş ərazilərin bərpasında beynəlxalq icmanın iştirakçılığı məhdud miqyaslı olsa müşahidə edilir. Bununla belə qeyd edilən istiqamətdə daha ciddi siyasətlərin icrası mühüm çağırışlardan biri olaraq alır.

4. Dayanıqlı və Davamlı İnkişaf - yanaşma yenidənqurma layihələrinin icrasında dayanıqlıq və davamlılıq prinsiplərinin daxil edilməsi vacibliyi konsepsiyasını əsas götürür. Bu konsepsiya təbii fəlakətlər, iqtisadi tənəzzüllər/tərəddüdlər və ya sosial münaqişələr kimi müxtəlif sarsıntılara/stresslərə dözümlü sistemlərin, icmaların və infrastrukturların yaradılmasını nəzərdə tutmaqla yanaşı ekoloji, sosial və iqtisadi davamlılığa uzunmüddətli təmin verir.

Yanaşmanın “Dayanıqlıq” komponenti sistemin, icmanın və ya cəmiyyətin əsas funksiyalarını və strukturlarını qoruyub saxlamaqla, sarsıntıları və stressləri udmaq, uyğunlaşmaq və bərpa etmək qabiliyyətinə aiddir. Buraya böhrandan sonra daha güclü və daha yaxşı bərpa etmək qabiliyyəti daxildir. Diqqət edilən əsas sahələri: I) Fəlakət riskinin azaldılması (daşqınlar, zəlzələlər və ya tufanlar kimi təbii təhlükələrə qarşı həssaslığı minimuma endirən strategiyaların həyata keçirilməsi), II) İqlim uyğunlaşması (dəniz səviyyəsinin yüksəlməsi və ya temperaturun artması kimi dəyişən iqlim şəraitinə uyğunlaşa bilən infrastruktur və təcrübələrin inkişafı/tətbiqi) və III) İqtisadi və sosial dayanıqlılıq (iqtisadi böhranların, sosial münaqişələrin və ya pandemiyalarının öhdəsindən gələ biləcək sistemlərin yaradılması, davamlılığı və bərpanı təmin etmək) kimi qruplaşdırılır.

“Davamlılıq” komponenti isə gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətinə xələl gətirmədən indiki ehtiyacların ödənilməsini hədəfləyir. Bu isə öz növbəsində ətraf mühitə nəzarət, sosial bərabərlik və iqtisadi resursların səmərəli istismarı məsələlərini əhatə edir. Siyasətin mərkəzində: I) Ətraf mühitin mühafizəsi (İnkişafın təbii ehtiyatların, biomüxtəlifliyin və ya ekosistemlərin korlanmasına təsirlərinin minimumlaşdırılmasını təmin edilməsi, o cümlədən karbon emissiyalarının azaldılması, çirklənmənin qarşısının alınması və təbii ehtiyatların məsuliyyətlə idarə edilməsi daxildir.), II) Sosial bərabərlik (cəmiyyətin bütün üzvlərinə, xüsusən də təcrid olunmuş və ya həssas qruplara fayda verən inklüziv inkişafı təşviq etmək, resurslara, imkanlara və xidmətlərə ədalətli çıxışı təmin etmək) III) İqtisadi mövcudiyyətlik (Qeyri-davamlı təcrübələrə çox etibar etmədən möhkəm, şaxələndirilmiş və uzunmüddətli rifahı təmin edə bilən iqtisadi sistemlərin yaradılması) kimi mühüm müasir inkişaf nəzəriyyələri dayanır.

Təcrübədən 2010-cu il zəlzələsindən sonra Haitidə yenidənqurma işlərinin təşkilində geniş istifadə edilib.

Təsdiq edilmiş inkişaf planlarında dayanıqlı və davamlı inkişaf parametrləri müəyyən qədər nəzərə alınır. Bununla belə nəticə əsaslı siyasətlər bərpa prosesində daha da təkmilləşdirilməlidir.

5. İnklüziv və ədalətli bərpa – Əhalinin bütün təbəqələrinin, o cümlədən marjinal qrupların yenidənqurma prosesinə daxil edilməsinin təmin edilməsi uzunmüddətli sülh və sabitlik üçün çox vacibdir. Təcrübə Balkan münaqişələrindən sonra Bosniya və Herseqovinada yenidənqurma prosesində daha geniş tətbiq edilib. Xüsusi ilə də Bosniyada inklüziv siyasətlər milli kimlik hissini yenidən qurmaq və münaqişənin təkrarlanmasının qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edirdi. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərin yerli sakinlərin müxtəlif milli kimliyi aspektləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinə xas məqamlardandır bu ərazilərin yenidənqurulması prosesində “İnklüziv və ədalətli bərpa” yanaşmasında istifadə potensial çağırışlar arasındadır.

6. Sosial münasibətlərin və etibarın bərpası - fiziki yenidənqurmadan başqa, etimadın, sosial birliyin və idarəetmə strukturlarının yenidən qurulması səyləri vacibdir. Daha çox Post-aparteid Cənubi Afrikada yenidənqurma prosesi ilə xatırlanan təcrübələrdən sayılır. Cənubi Afrikanın həqiqətə və barış proseslərinə diqqəti, birlik və kollektiv tərəqqi hissini gücləndirərək, tarixi konfrantasiyaları həll etməyə kömək etmişdi.

7. Adaptiv və kontekstə həssas yanaşmalar – çoxrəngli (din, dil, irq, mədəniyyət, adət və ənənnə fərqliliyi) icmaların bərpasında yerli kontekstdə çeviklik və həssaslıq çox vacibdir. Məsələn, 2003-cü ildən sonra İraqda həyata keçirilən yenidənqurma prosesi yerli dinamikanı dərk etmədiyi üçün çətinliklərlə üzləşdi. Nəticədə yenidənqurma strategiyalarının konkret mədəni, siyasi və sosial şəraitə uyğunlaşdırılmasının vacibliyi faktoru önə çıxdı.  

8. Uzunmüddətli öhdəlik və monitorinq - Uğurlu yenidənqurma üçün həm yerli, həm də beynəlxalq maraqlı tərəflərin uzunmüddətli öhdəlikləri vacibdir. 2011-ci il zəlzələsi və sunamidən sonra Yaponiyanın davam edən bərpa səyləri davamlı dəyişən ehtiyacları ödəmək üçün strategiyaların davamlı monitorinqinin, qiymətləndirilməsinin və tənzimlənməsinin vacibliyini nümayiş etdirir.

9. Texnologiya və innovasiyadan İstifadə - Xəritəçəkmə üçün dronlar və koordinasiya üçün rəqəmsal platformalar kimi texnologiyadan istifadə yenidənqurma səylərinin səmərəliliyini və effektivliyini artıra bilər. 2015-ci il zəlzələsindən sonra Nepalda bu alətlər zərərin tez qiymətləndirilməsi və bərpa işlərini daha dəqiq planlaşdırmaq üçün istifadə edilib.

10. Yerli təsisatların səlahiyyətlərinin artırılması - Yerli institutların və idarəetmə orqanlarının gücləndirilməsi yenidənqurma səylərinin lokal sahibliyini və səmərəli idarə olunmasını təmin edir. Şri-Lankada vətəndaş müharibəsindən sonrakı yenidənqurma zamanı yerli hökumətlərin səlahiyyətləndirilməsi təşəbbüskarlığın əks mərkəzləşməsinə kömək etməklə prosesi yerli ehtiyaclara daha adekvat idarə olunmasını təmin etdi.

Yuxarıda sadalanan təcrübələr göstərir ki, uğurlu yenidənqurma yerli icmaları, beynəlxalq əməkdaşlığı, davamlı təcrübələri və təkcə fiziki strukturları deyil, həm də sosial birlik və idarəetmə sistemlərini qurmaq üçün uzunmüddətli öhdəlikləri cəlb edən çoxölçülü yanaşma tələb edir.

Bu məqalə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” adlı layihə çərçivəsində aparılan araşdırmalar nəticəsində hazırlanmışdır.

 

“Regional Sosial-İqtisadi İnkişaf üzrə

Maarifləndirmə” İctimai Birliyin sədri:                        Elnarə Məhərrəmova