İnkluziv məşğulluq: işğaldan azad edilmiş ərazilərdə icma quruculuğu və dayanıqlı məskunlaşmanın əsası kimi

Bölmə: Sosial › ,
Tarix: 14:54 30.08.2024

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 1041 yaşayış məntəqəsinin (şəhər, qəsəbə, kənd) qurulması və 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərə 34.5 min ailənin, 2040-cı ilədək isə 880.2 min nəfərin köçürülməsi planlaşdırılır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatı inkişaf planlarının parametrlərini əhəmiyyətli səviyyədə dəyişəcək. Başqa sözlə faktiki icra sürəti, köçürmə və məskunlaşdırma miqyası gözləniləndən daha yüksək olacaqdır.

Bu isə öz növbəsində I) icma quruculuğunun səmərəli təşkili II) dayanıqlı məskunlaşma kimi iki mühüm çağırış formalaşdırır. Təbii ki, bu qədər böyük miqyaslı fəaliyyətlər kompleks yanaşmalar tələb edir. Xüsusi ilə də sosial və iqtisadi əsasların əvvəlcədən və yaxud məskunlaşma ilə paralel şəkildə həyata keçirilməsi, rifahı dəstəkləyən istiqamətlərdə, o cümlədən məşğulluq, özünüməşğulluq, sahibkarlıq fəaliyyətləri, ailə-təsərüfat fəaliyyətləri üçün əlverişli mühitin yaradılması, həmçinin köçürülməsi planlaşdırılan əhalinin buna hazırlığının təmin edilməsi zərurəti yaradır.

Aydındır ki, hökumət qarşısında dayanan ən mühüm məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluq imkanlarının yaradılmasıdır. Rəsmi statistikaya görə əsas iqtisadiyyatda təxminən hər iki şəxsdən birinin məşğul sayıldığını, həmçinin uzunmüddətli dövrdə azad edilmiş ərazilərlə əsas iqtisadiyyatın parametrlərinin uyğunlaşacağı fenomenini nəzərə alsaq bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə növbəti iki dekada təxminən 450-500 min məşğulluq imkanı təmin edilməlidir.

Bu yazı maarifləndirmə məqsədi ilə hazırlanıb və işğaldan azad edilmiş ərazilərə köçürülməsi planlaşdırılan sosial qrupların həmin ərazilərdə məşğulluğunun təmin edilməsi üçün hökumətin hansı alətlər təklif etdiyi, hansı metodlara müraciət etdiyi, əhalinin hansı imkanlardan fayadalanmasının mümkünlüyü kimi suallara cavab tapmaqdır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları iqlim şərtləri və coğrafi şəraiti baxımından aqrar fəaliyyərləri, flora, fauna, tarixi-mədəni abidələri, mürəkkəb hekayələri baxınından turizmi, mineral ehtiyatları baxımından mədən sənayesinin inkişafı üçün çox əlverişli imkanlara malikdir. Bölgənin işğal öncəsi suvarma infrastrukturuna 18 təbii çay, 11 göl və 9 su anbarı daxil idi. Ümumilikdə bir milyon hektardan çox suvarılan torpaq sahəsi mövcud idi ki, uzunmüddətli işğal dövründə baxımsızlıq səbəbindən bu ərazilərin təxminən 70-80 faizi yararsız hala düşüb.

Regionunun ayrı-ayrı bölgələri fərqli adda 167 ədəd faydalı qazıntı yatağı ilə zəngindir. Bunlardan bəziləri aşağıdakılardır:

 Üzlük daşı - Şelli, Burundağ, Gülablı, Söyüdlü, Pirağqaya, Qamışlı, Zərinbağ, Şuşa

Sement - Çobandağ, Boyəhmədli, Şahbulaq, Seydimli

Gil - Çəmənli, Ağdam, Xocalı, Şuşa, Novruzlu

Gəc – Ağdərə, Tərtər

Mişar daşı – Şahbulaq, Kilsəli, Əhmədli

Qum-çınqıl – Təzəkənd, Qarqarçay, Xaçınçay

Qızıl, filiz – Söyüdlü

Civə, filiz - Narzanlı, Çilgəzçay, Sarıbulaq

Polimetal – Mehmana

Mis-porfir – Dəmirli

Əlvan daşlar – Çıldıran, Tərtər, Lev, Qılınclı, Kilsəli, Konqur, Zülfüqarlı, Abdullauşağı, Keçəldağ

Daş kömür – Çardaxlı

Perlit-pemza – Keşəldağ, Quşçu

 

İşğaldan əvvəl regionda təşəkkül tapmış iqtisadi fəaliyyət sahələrinin bir qismi ilə aşağıdakı cəlvəldə tanış olmaq olar.

  • dəzgah avadanlıqları,
  • aerokosmik və rabitə cihazları,
  • Mebel və hissələri,
  • traktor və avtomobil təmiri,
  • asfalt,
  • tikinti materialları,
  • avtomobillərə texniki xidmət stansiyaları,
  • məişət xidməti kombinatı,
  • elektrik şəbəkəsi,
  • Xalçaçılıq,
  • konserv,
  • yağ-pendir,

 

  • barama toxumu,
  • pambıqçılıq,
  • şərabçılıq
  • mexanikləşdirilmiş çörəkbişirmə,
  • taxıl məhsulları,
  • ət məshulları emalı,
  • kənd təsərrüfatı məhsullarının emalı
  • kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları fəaliyyət göstərirdi

 

 

90-cı illərin əvvəllərində bölgədə 2400-dən çox sənaye, qarar və digər sektorlar üzrə ixtisaslaşmış müəssisə, 39 tikinti müəssisəsi, 30 kənd təsərrüfatı obyekti fəaliyyət göstərirdi. Sadalananlarla yanaşı 34,6 min hektar üzüm plantasiyası, 220 min baş mal-qara da regionun iqtisadi potensialının bir hissəsini təşkil edirdi.

İşğaldan əvvəl bölgənin iqtisadi potensialının miqyasını daha dolğun qavramaq üçün aşağıdakı bir neçə nümunəyə diqqət edilməsində fayda vardır. Belə ki, ötən əsrin 90-cı illərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının təqribən 35-40 faizi, o cümlədən ətin 14 %-i, baramanın 17 %-i, taxılın 14 %-dən, üzümün 31 %, südün 17 %-dən, yunun 19 %-dən çoxu bu ərazilərin payına düşürdü. Ölkə üzrə cəmi mineral su ehtiyatlarının 40 faizi işğaldan azad edilən ərazilərdə yerləşirdi.

Azad edilən ərazilərdə məşğulluq siyasəti, özünüməşğulluq və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi mexanizmləri

İşğaldan azad olunmuş ərazilərdə məşğulluq məsələləri ilə əlaqədar Dövlət Məşğulluq Agentliyinin tərkibində işçi qrup yaradılıb. İşçi qrupu tərəfindən «Tədbirlər planı» təsdiq olunub. Tədbirlər planı çərçivəsində işğaldan azad olunmuş, eyni zamanda sərhədyanı ərazilərlə bağlı, həmçinin düşmən terrorundan əziyyət çəkən Gəncə, Bərdə və Tərtər şəhərləri üzrə xüsusi layihələr həyata keçirilməsi məsələləri nəzərdə tutulub. Planlaşdırma zamanı məşğulluğun müxtəlif aspektləri, o cümlədən özünəməşğulluq tədbiri, ictimai işlərin təşkili, kvota üzrə iş yerlərinin yaradılması, sosial iş yerlərindən əməkhaqqının birgə maliyyələşdirilməsi, kvotadan kənar sosial iş yerləri üzrə əməkhaqqının birgə maliyyələşdirilməsi, ərazidə fəaliyyət göstərən şirkətərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsinin inzibati yollarla və təşviqlərlə intensiv hala salınması, yerli və mərkəzi idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət sahələrinə aid müəssisələrin iş yeri yaratma potensialından faydalanma və digər aktiv məşğulluq tədbirlərinin böyük hissəsinin bu regionlara yönləndirilməsi kimi məsələlər nəzərdə tutulur.

Aparılan araşdırmalar və hökumətin proqnozları göstərir ki, birinci yerdə 140 min iş yeri olmaqla kənd təsərüfatı, ikinci yerdə 82 min iş yeri olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri fəaliyyəti sahələri, üçüncü yerdə isə 65 min iş yeri olmaqla emal sənayesin işğaldan azad edilmiş ərazilərdə əmək bazarının təxminən 48 faizini formalaşdıracaqlar. Bununla belə təhsil sahəsində 46 min, turistlərin yerləşdirilməsi və içtimai iaşə sahəsində 36 min, tikintidə 35 min iş yeri olmaqla ümumilikdə digər sahələrdə də 320 min yeni iş yeri imkanı yaranacaq.

Yuxarıda qeyd edilən məlumatlar azad edilmiş ərazilərdə məskunlaşmağı planlaşdıran əhali üçün gələcək fəaliyyəti sahəsinin planlaşdırılması, o cümlədən özünüməşğulluq fəaliyyəti sahələrinin müəyyən edilməsi, gənclər üçün düzgün peşə bacarıqlarına yiyələnmə və əmək bazarının tələbinə uyğun ixtisaslar üzrə təhsil seçiminin edilməsi kimi məsələlərdə ciddi əhəmiyyətə malikdir.

Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb.

Onu da qeyd edək ki, umumilikdə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. 2023-cü ilin noyabr ayında işğaldan azad edilmiş ərazilərdə ilk dəfə əmək yarmarkası keçirilib. Füzuli şəhərində keçirilən tədbirdə 20 işəgötürən tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib.

Onu da qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər vakansiyalar haqqında məlumatları Dövlət Məşğulluq Agentliyinin altsistemində yerləşdirir ki, vətəndaşlar hətta köçdən əvvəl belə bu bölgələrdə yaradılan iş yerləri haqqında məlumatları, o cümlədən iş saatları, tələb olunan peşə bacarıqları, əməkhaqqı və s. detalları bu elektron platformadan öyrənə və işlərə müraciət edə bilər.

Hazırda azad edilmiş ərazilərdə məşğulluq digər tədbirlərlə yanaşı həmçinin biznes mühitinin inkişaf etdirilməsi yolu ilə dəstəklənməkdədir. 2023-cü ilin əvvəlindən etibarən 10 il müddətinə müvafiq ərzilərdə yaradılan və fəaliyyət göstərən müəssisələrə/rezidentlərə münasibətdə aşağıdakı vergi və fiskal güzəştlər tətbiq edilməkdədir:

  • gəlir, mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azadolma,
  • istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 10 il müddətində ƏDV-dən azad edilməsi,
  • işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin 10 il müddətində vergidən azad edilməsi,
  • fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.

İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Onu da qeyd edək ki, sadalanan vergi azadolmaları/güzəştləri işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.

Azad edilmiş fəaliyyət göstərən rezidentlərə münasibətdə 2023-2031-ci illər ərzində qeyri-dövlət və qeyri-neft sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:

01.01.2023 – 01.04.2026 – 100 faizi miqdarında;

01.01.2026 – 01.04.2029– 80 faizi miqdarında;

01.01.2029 – 01.04.2031– 60 faizi miqdarında;

01.01.2031 – 01.04.2033– 40 faizi miqdarında.

Bundan başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, o cümlədən sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları (özlərinə görə) 10 il müddətində 100 faiz miqdarında dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ilk dəfə biznes üçün kommunal xidmət xərcləri üzrə güzəştlər işğaldan azad edilmiş ərazilərdə təqdim edilib. Belə ki, 2023-cü il yanvarın 1-dən 10 (on) il müddətində müvafiq bölgənin rezidentləri tərəfindən hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı tullantı sularının axıdılması) üzrə xərclərin 20 (iyirmi) faizi dövlət büdcəsinin vəsaiti hesabına sahibkara qaytarılır.

Sadalanan güzəştlər azad edilən ərazilərdən istehsal xərclərinin azalması, yığım imkanlarının genişlənməsi və təkrar investisiya üçün əlverişli maliyyə mənbələrinin yaradılması, həmçinin istehsal olunan mal və xidmətlərin maya dəyərinin optimallaşdırılması yolu ilə rəqabət qabiliyyətinin dəstəklənməsi baxımından əlverişli mühit yaradır.

İşaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə biznes layihələrinə verilən kreditlərə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin bir qisminin subsidiyalaşdırılması mexanizmləri təklif edilməkdədir. Kreditlərə zəmanət şərtləri aşağıdakı kimi müəyyən edilib:

-       bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan çox olmamalı;

-       kreditin illik faiz dərəcəsi 15 (on beş) faizdən çox olmamalı;

-       kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

-       kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 (otuz altı) ayadək olmalı;

-       bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 (doxsan) faizdən çox olmamalıdır.

Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 10 (on) faiz bəndi həcmində və 36 (otuz altı) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 10 (on) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.

Göründüyü kimi, tarixi böyük qayıdış prosesinin dayanıqlı əsaslarının təmin edilməsi, icma quruculuğunun dəstəklənməsi, yerli və xarici investisiyanın ərazinin bərpasına cəlb ediləsi yolu ilə prosesin sürətləndirilməsi və məşğulluğun dəstəklənməsi üçün əlverişli mexanizmlər təklif edilməkdədir.

Bu məqalə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” adlı layihə çərçivəsində aparılan araşdırmalar nəticəsində hazırlanmışdır.

“Regional Sosial-İqtisadi İnkişaf üzrə

Maarifləndirmə” İctimai Birliyin sədri:                        Elnarə Məhərrəmova