Şagirdlərə mobil cihazdan istifadə qadağan edilməlidir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 12:48 02.09.2024
"Son dövrlər valideyinlərin əksəriyyəti övladlarına ən bahalı telefonları verir və sonra nəticə zəif olanda bunun səbəbini məktəbdə axtarırlar".
Bu sözləri "informator.az"a açıqlamasında Elçin Əfəndi bildirib. O söyləyir ki, aşağı nəticə göstərən abituriyentlərin sayı getdikcə artır:
"Məsələn, bu il 27000 nəfərə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqədən kənarda qaldı. 200 bala qədər nəticə əldə edən minlərlə abituriyent var. Bunun da səbəblərindən biri mobil telefonlardan istifadədir. Mobil cihazlardan istifadə məktəblilərin müvəffəqiyyət dərəcəsini aşağı salır. Şagirdlər mobil telefondan istifadə etdikcə dərs çalışmalarına, hazırlıqlara vaxt sərf edə bilmirlər və nəticə etibarilə bu onların təhsil göstəricilərinə təsir etmiş olur.
Bu fakt təkcə məktəbləri əhatə etmir, universitet tələbələrinin akademik göstəricilərinə də mobil telefonlardan istifadənin təsiri olur. Tələbələrə bunu qadağan edə bilmərik, amma şagirdlərə məktəbdə telefondan istifadə edilməsi, məktəbə telefon gətirilməsini qadağan edə bilərik. Bəziləri bunu insan hüquq və azadlıqlarının qarşısının alınması kimi dəyərləndirir".
Ekspertin sözlərinə görə, məqsədimiz ideal cəmiyyət, şəxsiyyət formalaşdırmaqdırsa, bu kimi amilləri mütləq diqqətdə saxlamalıyıq:
"Əgər bu gün şagird dərsin gedişatında hər hansı bir fənnə qulaq asmır, onun əvəzində mobil telefonda hər hansı bir video izləyir və yaxud da müəyyən bir oyun oynayırsa, təbii ki, bu bizim üçün arzuolunan bir fakt deyil. Təbii ki, kimdəsə telefon var, o demək deyil ki, bütün günü ancaq telefondan istifadə edir, telefonla oynayır. Yəni, elə abituriyentlər var ki, ona lazım olan səviyyədə telefondan istifadə edir. Cəmiyyət olaraq mobil telefonlardan təyinatı üzrə istifadə etmirik, telefondan hər bir vasitə kimi istifadə edirik. Məktəblərdə şagirdlərə ən azı dərsin gedişatında telefon qadağası mütləq vacibdir".
Mehriban Nəsibova