"Sürücülük kurslarının çoxu formal fəaliyyət göstərir"-Ekspertdən ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 18:04 03.09.2024

Bir neçə gün əvvəl müşahidə kameralarının qeydə aldığı iki yol nəqliyyat hadisəsi baş verib. Bunların ikisidə məhz piyada zolağından keçen sürücünün piyadaya xəsarət yetirməsi ilə baş verib.

Bəzi sürücülər piyada keçidindən keçənlərə yol vermir. Hətta qəza şəraiti belə yaradırlar. Bu halda sürücüləri nə kimi cəzalar gözləyir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "informator.az"a açıqlamasında bildirib ki, ölkəmizdə avtomobil sürən şəxslərin bir qisminin sürücülük bacarıqları çox zəifdir:

"Bu da ondan irəli gəlir ki, sürücülük kurslarının bir çoxu formal fəaliyyət göstərir. Sürücülük bacarıqları, yol hərəkət qaydaları lazımı səviyyədə öyrədilmir. Eyni səviyyəli tənzimlənməyən piyada keçidində piyadaya yol verməyən sürücülər cərimə olunur. Bu yol hərəkəti haqqında qanunda və İnzibati Xətalar Məcəlləsində təsbit olunub.

Eyni səviyyəli tənzimlənməyən piyada keçidində piyadalar hərəkətə başlamazdan öncə ayaq saxlamalı, avtomobil sürücüsü ilə vizual kontakt yaratmalıdır. Həm piyada həm sürücü bir-birlərini görməlidirlər".

Həmçinin ekspert qeyd edib ki, avtomobil yolunda çəkilən piyada keçidi piyada yolu demək deyil:

"Üstünlük piyadadadır, sadəcə piyada qaydalara uyğun piyada zolağından keçməlidir. Yəni piyada əmin olmalıdır ki, sürücü onu  mütləq görür və avtomobili saxlayacaq, sonra yolu keçməlidir. Amma sürücülərdə unutmamalıdır ki, üstünlük piyadadadır. Piyadanı tələsdirməməli, və yaxud qəza şəraiti yaratmamalıdır".

Elnurə Kərimova