İran-Rusiya münasibətlərinin Azərbaycana təsirləri -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 11:08 04.09.2024

Moskvanın son zamanlarda Bakını Naxçıvanla  Ermənistan üzərindən birləşdirən  dəhlizə dəstək verməsindən sonra  İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib. Görüşdə iki tərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.

Görüşü "informator.az"a şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, müharibə səbəbindən ağır sanksiyalardan əziyyət çəkən Kreml özünün də daxil olduğu Zəngəzur dəhlizi layihəsinin tezliklə reallaşmasını istəyir. Lakin aydındır ki, Ermənistandan da çox buna qarşı İran narazılıq edir, sərt mövqe ortaya qoyur:


"İkinci Qarabağ müharibəsini yekunlaşdıran 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın doqquzuncu bəndinə uyğun olaraq
Naxçıvanla birbaşa əlaqənin təmin edilməsi məsələsi Azərbaycanın əsas hədəflərindən biri kimi inkişaf etdirilməyə başladı.

Bu məqsədlə avtomobil və dəmir yolları da artıq hazır vəziyyətə gətirilib.
Nəqliyyat əlaqəsi üzrə nəzarətin
Rusiyanın həyata keçirməsini isə Bakı-İrəvan-Moskva razılaşdırıb.
Eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyi, xarici müdaxilələrin İrəvanın qərarverməsinə birbaşa təsiri nəticəsində də 4 ilə yaxındır ki, Zəngəzur dəhlizinin açılması prosesində durğunluq müşahidə olunur. Geopolitik önəmə malik bir bölgə olan Zəngəzurun İrəvana verilməsindən sonra Azərbaycanın Naxçıvanla, həmçinin qardaş Türkiyə ilə quru əlaqələri kəsilib. Beləliklə, regional güc balansı İran və Ermənistanın xeyrinə dəyişməyə başladı".

Şərhçinin sözlərinə görə, ölkəmiz Naxçıvanla əlaqələrini İran vasitəsilə həyata keçirdiyi üçün İran Zəngəzur dəhlizinin reallaşdırılmamasını ölkəmizə qarşı təsir vasitəsi kimi istifadə edir, layihəyə qarşı çıxır:

"30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə susan və İrəvanla əməkdaşlıq edən İran bunu guya sərhəd dəyişikliyi ilə əlaqələndirir. Əslində isə İranın digər narahatlığı ölkəmizin tarixi Qələbəsi ilə regionda yaranan yeni reallıqlarıdır ki, Tehranın önəmini azaldır. İran Zəngəzur dəhlizinin açılması ilə Bakı və Ankaranın birbaşa quru yolu vasitəsilə əlaqələnməsini özünə təhdid görür.

İran Ermənistanla birləşən bölgənin kəsilməsini İrəvana təsir rıçaqlarının əlindən çıxması kimi də dəyərləndirir.
Eyni zamanda, İran Türkmənistan qazının Azərbaycana, oradan da Türkiyə vasitəsilə Avropaya daşınmasını iqtisadi potensialına zərbə vura bilməsindən də narahatlıq keçirir.
Əgər Zəngəzura Azərbaycan nəzarət edərsə, sanksiyalara məruz qalan İran düşünür ki, Ermənistan vasitəsilə Gürcüstana, ordan da Qara dənizə gedən yolları bağlanacaq və bu da ölkəyə ciddi şəkildə zərər verəcək".

Fidan Fərhadlı