Dövrün tələbi: "Onlayn təhsil ənənəvi təhsilin önünə keçəcək..."-RƏY
Bölmə: Sosial › ,Tarix: 17:08 05.09.2024
"Onlayn təhsillə ənənəvi təhsilin fərqindən danışarkən təkcə texniki detallara kodlanmaq yetərsizdir. Çünki onlayn təhsilin də ayrıca məzmunu, metodikası və strategiyası olmalıdır".
Bu sözləri "informator.az"a açıqlamasında Təhsil eksperti Elmin Nurizadə söyləyib.
Ekspert onlayn təhsillə ənənəvi təhsil sisteminin üstünlükləri və çatışmazlıqlarından da bəhs edib:
"Onlayn təhsil forması yalnız kompüter qarşısında müəllim-şagird olması ilə kifayətlənmir. Onlayn təhsilin özünün sturukturu, mexanizmi olmalıdır ki, yalnız onlar olduğu halda bu təhsil forması xüsusi effekt verə bilir. Əks halda,
biz onlayn təhsili forma kimi yox, məcburi bir element kimi dəyərləndirməliyik. Bizdə onlayn təhsil forması heç bir zaman olmayıb. Pandemiyaya qədər isə bu təhsil forması heç bir zaman tətbiq olunmayıb. Heç pandemiya vaxtı da tətbiq olunan onlayn təhsil forması deyildi. Bu yoluxmalar səbəbindən karantin rejimi tələbləri əsasında məcburi qaydada seçilmiş bir element idi. Bizdə yalnız əyani və qiyabi təhsil formaları olub. Onlayn təhsilin sisteminin isə pandemiya ilə heç bir əlaqəsi olmamalıdır".
Elmin Nurizadənin sözlərinə görə, dünya təcrübəsində bu mexanizm pandemiyadan xeyli əvvəl mövcud olub:
"Skandinaviya ölkələrində, təhsili inkişaf etmiş uzaq şərq ölkələrində ( Yaponiya, Koreya, Sinqapur, həmçinin Çin,Tayland) onlayn təhsil forması pandemiyadan xeyli əvvəl var idi. Bəs bu necə olub? Xüsusi mexanizmlə. Onlayn təhsilin effektivlik anlayışı ənənəvi təhsildən çox fərqlənir. Onlayn təhsildə pedaqoji prosesin təşkili, onun davamiyyəti, şagird psixologiyasına, qavrayış sisteminə təsiri mütləq önəmsənməli, vacib bilinməli hadisələrdir. Bu günlərdə dünya ölkələrində onlayn təhsillə bağlı bir çox kitablar var. Bu kitablar distant təhsilin necə aparılması, təşkili ilə bağlı yazılmış kitablardır. Yəni onlayn təhsilin mexanizmi o qədər qəlizdir ki, bu səbəbdən irihəcmli kitablar hazırlanır və müəllimlərdə onlayn təhsili tədris etməmişdən əvvəl bu vəsaitlərdən istifadə edirlər. Pandemiya şəraitin olmasına ehtiyac duymadan bu istiqamətdə müəyyən addımlar atmağımız vacibdir. Çünki dövrün tələbi onlayn təhsillə ənənəvi təhsili bərabərləşdirəcək və hətta onlayn təhsil ənənəvi təhsilin önünə keçəcək. Buna görə də hazırki dövrdə müəllimlərimiz onlayn təhsilin mexanizmini bilməsi vacibdir".
Fatimə Abdulrəhimli