Ermənistan ya Rusiyanın təsiri altında qalacaq, ya da məhv olacaq-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:11 05.09.2024

2025-ci ilin may ayında MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. Sammitin Qələbə paradı ərəfəsində keçirilməsi nəzərdə tutulub. Eyni zamanda Ermənistan da bu sammitdə iştirak edəcək.

Sammitdə hansı məsələlərin müzakirə olunacağı gözlənilir?

Mövzu ilə əlaqədar "İnformator.az"a açıqlama verən politoloq Elşad Həsənov qeyd edib ki, Rəsmi İrəvan KTMK- nin üzvülüyündə artıq 1 il 8 aydır ki, iştirakını dondurub. Heç bir tədbirdə iştirak etmir, nümayəndəsini göndərmir:

"Rusiya siyasiləri də bunu bilirlər ki, Ermənistan bu gün ancaq Qərbə meyillənir və Rusiyadan qopmağa çalışır. Bunun üçün Qərb, xüsusən də, Amerika Ermənistana lazımi dəstəyi göstərir. Məqsəd Rəsmi Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaqdır. Rusiya qoşunları ancaq Ermənistanda var. Həm onların sərhəddini qoruyur, həm də Gümrüdə 2-ci hərbi bazaları var.  Buna görə də onlar çalışırlar ki, Rusiyanı oradan çıxartsınlar. Bu ilin avqustun 1- dən Ermənistanın Zvartnotsdakı hava limanında olan Rusiya sərhəd qoşunlarının nümayəndələri oradan çıxarıldı. Ancaq yenədə Ermənistanda qalıb, Rusiya qoşunları Ermənistan- İran və Ermənistan- Türkiyə sərhəddini qoruyurlar.
Digər siyasi məsələlərdə Ermənistan Rusiyanın əlehinə gedir. V.Putin avqustun 18- də Azərbaycanda oldu. Ermənistan- Azərbaycan danışıqlarının yeni müstəvidə Rusiya vasitəçiliyi ilə həyata keçirilməsinə razı olduqlarını bildirdi. Bunun üçün onlar əllərindən gələcəkləri edəcəklərini bildirdilər. Paşinyan da təcili olaraq bildirdi ki, biz Rusiyanın vasitəçiliyini istəmirik. Buna görə də bizim əvvəl səsləndirdiyimiz təklifi yəni vasitəçisiz sərhəddə görüşməyi Azərbaycan Prezidentinə təklif etdilər.  Ermənistan hakimiyyəti Qərb ağalarının dediklərini edir və Rusiyadan qopmağa çalışır. Amma qopa bilmir".

Politoloq əlavə edib ki, Ermənistan iqtisadiyyatının əvvəl 75%- i indi isə özlərinin dediyinə görə 42%- i Rusiyadan asılıdır: 

"Fabrik, zavod, dəmir yolu Rusiya oliqarxlarının əlindədir. Qaz Rusiyanın qazıdır. Rusiya öz əhalisinə satdığı qiymətdən aşağı qiymətə Ermənistana qaz satır.
Hələlik isə rəsmi Moskva rəsmi İrəvana qarşı iqtisadi sanksiyalar tətbiq etmir, gözləyir.
Gələn ilin mayına qədər Ermənistan Rusiya arasında çox ciddi qarşıdurma olacaq. Ermənistan ya Rusiyanın təsiri altında qalacaq, ya da Rusiya ilə müharibəyə gedəcək. Bu da Ermənistan dövlətinin sonunu gətirib çıxaracaq. Çünki nə Fransa, nə də ABŞ Rusiya qoşunlarına qarşı döyüşməyəcək. Yenə də həmin Rusiya- Ukrayna variantı işə düşəcək. Ermənistan xırda dövlətdir, güclü ordusu da yoxdur. Məhv olub gedəcək. Ancaq onu da deyim ki, Ermənistan bu günə qədər Rusiya ilə iqtisadi əlaqələri saxlayır. Çünki ondan asılıdır eyni zamanda Rusiyanı sanksiyalardan qorumaq üçün ona dəstək olur və buradan da çox böyük iqtisadi yatırımlar əldə edir. Rusiyanın qızılını, almazını gətirib Ermənistanda öz adına satır, özləri də milyonlar, milyardlar qazanırlar. Artıq bu faktlar təsdiq olunub. Və bunun üçün də Amerika Ermənistana ciddi iradını bildirib. Ermənistan sammitdə iştirakını təsdiq etsə də, o vaxta qədər bütün məsələlər aydınlaşacaq. Çünki başqa yol yoxdur. Ya Ermənistan Rusiyanın tabeliyində yaşamalıdır, ya da Rusiya ilə müharibə etməli, onun qoşunlarını ərazisindən çıxarmalıdır. Bunun üçün də ona ABŞ və Fransanın kömək edəcəyi sual altındadır".

Banuçiçək Kalbalıyeva