Analitik: Daşkənddə keçiriləcək antiterror təlimlərinin əsas məqsədi...

Bölmə: Siyasət › ,
Tarix: 21:51 05.09.2024

Sentyabrın 4-5-də Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək.

 

Daşkənddə keçiriləcək antiterror təlimlərinin əsas məqsədi nədir?

 

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "informator.az"a müsahibəsində bildirib:

 

"Özbəkistanda keçiriləcək antiterror təlimləri indiki dövr üçün xarakterik hesab edilib. Çünki həm Rusiya - Ukrayna, həm də Həmas - İsrail arasında mövcud müharibə dünyanın başqa yerlərində də terror təhlükəsini istisna etmir. MDB ölkələri ilə Rusiyanın müəyyən bağlılığı, münasibətləri mümkündür ki, Qərbin bəzi dairələri tərəfindən Rusiyaya təzyiq vasitəsi kimi pozulmağa doğru təhrik edilsin. Bu da müxtəlif üsullarla ola bilər. Necə ki, Liviyada, Suriyada, İraqda Qərbin maliyyələşdirdiyi, onların maraq və planlarına uyğun hərəkət edən müxtəlif qruplar radikal addımlar atdılar, müxtəlif terror hərəkatları meydana çıxdı. Bu faktlar əsas verir ki, dünyanın indiki vəziyyətində antiterror təlimləri aktivləşsin".

 

 

Politoloqun sözlərinə görə, Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin MDB-yə üzv dövlətlərin Terrorla Mübarizə Mərkəzinin əlaqələndirici rolunda keçirdiyi təlimlərin məqsədi terrorçuların obyektlərdə və izdihamlı yerlərdə aşkarlanması və mühüm məsələlər üzrə birgə tədbirlərin həyata keçirilməsində səlahiyyətli orqanların fəaliyyətini təkmilləşdirməkdir:

 

 "Bu kimi təlimlərin keçirilməsi təbiidir və hər dövlətin ehtiyat tədbirləri üçün zəruridir. Tədbirdə bir çox beynəlxalq təşkilatların da iştirakı gözlənilir. 

 

Konfrans iştirakçıları arasında qabaqcıl təcrübə mübadiləsi aparacağı deyilir. Beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasının müzakirə olunması da bildirilib. Həmçinin yeni çağırışlar və təhlükəsizlik təhdidlərinə qarşı ümumi anlaşma və yanaşmaların formalaşdırılması da müzakirə ediləcək.

 

Terrorla mübarizədə dövlətlərarası münasibətlərin və məlumat mübadiləsinin vacibliyinin də müzakirə mövzusu olması gözlənilir".

 

Aləmzər İbrahimova