Tramvay və trolleybuslar qayıdır?
Bölmə: Sosial › ,Tarix: 15:20 17.11.2024
Tramvay və trolleybuslar keçmişdə şəhər nəqliyyatının əsas hissələrindən biri idi. İndi isə bir çox şəhərdə bu nəqliyyat vasitələri ya tamamilə ləğv edilib, ya da modernləşdirilib. Onların köhnəlmiş variantlarını görmək, keçmişin nostaljisini yaşamaq kimidir.
Mövzu ilə bağlı ekspert Aslan Əsədov "informator.az"a açıqlamasında bildirib ki, Bakı şəhərində tramvay və trolleybusların yenidən dövriyyəyə buraxılması şəhərin nəqliyyat infrastrukturunda yeni bir ab-hava yarada bilər:
"Bu nəqliyyat vasitələrinin tarixi ötən əsrin əvvəllərinə, təxminən 1900-cü illərin əvvəllərinə təsadüf edir. Lakin sonradan müəyyən səbəblərə görə, həmin dövrdə tramvay və trolleybusların şəhərin inkişaf tendensiyasına uyğun gəlməməsi səbəbindən onların fəaliyyəti dayandırılıb, infrastrukturu isə sökülüb. Bu qərar Bakının ümumi yenidənqurma planı çərçivəsində həyata keçirilib".
Ekspertin fikrincə, vaxt ötdükcə şəhərin əhalisinin artması, nəqliyyat sıxlığının yüksəlməsi və ekoloji problemlər tramvay və trolleybusların yenidən tətbiqinin əhəmiyyətini artırır:
“Bu nəqliyyat vasitələri ekoloji cəhətdən dost sayılır və nəqliyyat sıxlığını aradan qaldırmaqda mühüm rol oynaya bilər. Həmçinin, tramvaylar və trolleybuslar şəhərin estetik görünüşünə də əlavə gözəllik qatır və insanlarda nostalji hisslər yaradır. Tramvay və trolleybus xətləri metro ilə əlaqələndirici arterial xətlərin yaradılmasına kömək edə bilər. Bu, nəqliyyatın daha effektiv tənzimlənməsinə və şəhər sakinlərinin daha rahat səyahət imkanlarına sahib olmasına şərait yaradar".
Aslan Əsədov həmçinin vurğulayıb ki, hazırda Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanununda tramvay və trolleybus sürücülüyü ilə bağlı xüsusi imtahan suallarının yer alması bu nəqliyyat vasitələrinin istifadəsi üçün hüquqi bazanın mövcud olduğunu göstərir. Tramvay və trolleybusların yenidən dövriyyəyə buraxılması yalnız Bakı üçün deyil, həm də Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan kimi digər iri şəhərlər üçün də faydalı ola bilər.
Nərgiz Orucova