Azərbaycan xanımlarının xarici oğlanlarla ailə qurmaq istəklərinin səbəbləri

Bölmə: Sosial › ,
Tarix: 20:49 20.11.2024

Bir vaxtlar azərbaycanlı qızlar üçün əcnəbi ər bir qədər də əlçatmaz hesab olunurdu. Bu məsələyə bir az da ehtiyatlı yanaşılırdı. Son illərin mənzərəsinə və reallığına nəzər salsaq, görərik ki, artıq əcnəbi ər məsələsi günümüzdə adi hala çevrilib. 

 

Bəs bunun səbəbi nədir?

 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub "informator.az"a açıqlamasında bunun ən böyük səbəbi olaraq sərhədlərin açılması və əlaqələrin genişlənməsində görür:

 

"Ümumiyyətlə xanımlarımızın xarici vətəndaşlarla ailə qurması hallarının geniş yayılmasını qəbul etmirəm. Bunun dəqiq statistikasını aparmaq lazımdır. Mənim müşahidələrimə görə, bu çox dərəcədə deyil. Biz bəzi hallarda bunu müşahidə edirik. Bu da təbiidir. Çünki Sovet vaxtında bizim sərhədlərimizin bağlı idi və insanların başqa əcnəbi vətəndaşlarla təması çox məhdud səviyyədə olub. Sərhədlər açıldıqdan sonra əlaqələr genişləndi və bunun nəticəsində bəzi istisna hallarda xanımlarımız əcnəbi vətəndaşlarla nikaha girirlər".

 

Onun sözlərinə görə, hüquqi baxımdan da bunun qarşısını almaq mümkün deyil:

 

"Bunun ifrat dərəcədə olduğunu müşahidə etməmişəm. Əlbəttə, istəməzdim bizim xanımlar əcnəbilərlə ailə qursun. Lakin müəyyən kriteriyalar varsa və ya xanım buna özü icazə verirsə, o zaman hüququ baxımdan da heç kim bunun qarşını ala bilməz".

 

Sevinc Zeynalova