"Rusiyadan həlledici addım gələ bilər"-POLİTOLOQ

Bölmə: Siyasət › ,
Tarix: 20:51 20.11.2024

Ukrayna son günlərdə Rusiyanın müxtəlif ərazilərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarını intensivləşdirib. Krasnodar diyarı, Rostov və Bryansk vilayətlərində bu hücumlar nəticəsində hərbi obyektlər və infrastruktur hədəf alınıb. Xüsusilə Krasnodarda qaz kəməri zədələnib, Bryansk vilayətində isə bir sursat anbarında yanğın və partlayışlar qeydə alınıb. Hədəflər arasında Şimali Koreyadan alınmış idarə olunan aviasiya bombalarının saxlanıldığı anbarlar da olub.

 

Bəs Rusiya buna qarşı hansı siyasi addımı atacaq ?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Turan Rzayev Rusiya-Ukrayna müharibəsinin ilk günündən bu günə qədər Ukraynanın ən üstün olduğu sahələrdən birinin aviasiya məsələsi olduğunu bildirib:

 

"Burada söhbət Ukraynanın PUA-lardan (dronlardan) istifadəsindən gedir. Ukrayna bu silahları Türkiyə, İsrail və Avropadan alır. Eyni zamanda, özünün hazırladığı dronlar vasitəsilə bu sahədə mövqeyini gücləndirməyə çalışır. Hazırda Şimali Koreyadan alınan silahların keyfiyyəti mübahisəli olsa da, bu istiqamətdə fəaliyyət davam edir".

 

Politoloq Ukraynanın müharibəni uzatmasının onun üçün mənfi təsirlər bağışlayacağını qeyd edib:

 

"Ukraynanın müharibəni uzatması ona müsbət nəticələr vəd etmir. Putin artıq nüvə doktrinasında dəyişiklik edib. Bu, Ukrayna üçün ciddi problemlər yarada bilər. Rusiya beynəlxalq hüquq normalarını onsuz da pozub. Əgər daha çox qəzəblənərsə, yenə də beynəlxalq hüququ pozaraq Ukrayna ərazisində nüvə silahından istifadə edəcək.

Hazırda Rusiya Ukrayna ərazisinə quru əməliyyatları ilə cavab verir. Bu əməliyyatlar kifayət qədər uğurla davam edir. Lakin daha effektiv qələbə qazanmaq istəyərsə, nüvə silahından istifadə edə bilər". 

 

"İkinci Dünya Müharibəsinə nəzər saldıqda ABŞ-in Yaponiyaya atom bombası atması nəticəsində Yaponiyanın təslim olduğunu görürük. Rusiya da belə bir addım atarsa, çox güman ki, Ukrayna təslim olacaq",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Zəhra Məmmədova